Abramoviç “Çelsi”ni satmağa məcbur edildiyini etiraf etdi!

Roman Abramoviç 2022-ci ilin mart ayında Rusiya-Ukrayna müharibəsi fonunda Böyük Britaniya hökuməti tərəfindən sanksiyaya məruz qalaraq, "Çelsi" futbol klubunu məcburi şəkildə satmağa məcbur edildiyini ilk dəfə açıq şəkildə etiraf edib.
90plus.az xəbər verir ki, o, bu barədə jurnalist Nik Pyurolun “Sanksiya: Çelsi FK-nın satışının daxili hekayəsi” adlı kitabında danışıb.
Kitabda Abramoviç qərarın onun üçün çox çətin olduğunu, lakin klubun gələcəyini təmin etmək məqsədilə bu addımı atdığını bildirib. O, “Hər nə edirəmsə, insanlar məni bir məqsəd güdməkdə ittiham edirlər. Əslində, sadəcə kömək etməyə çalışdım” deyə qeyd edib.
Bundan əlavə, 58 yaşlı rusəsilli oliqarx satışdan əldə edilən 2,3 milyard funt sterlinq məbləğindəki vəsaitin hazırda Böyük Britaniya bankında dondurulduğunu və bu vəsaitin müharibə qurbanlarına yönləndirilməsi məqsədilə hüquqi mübahisələrin davam etdiyini açıqlayıb.
Roman Abramoviç azarkeşlərlə vidalaşmaq istədiyini də bildirib:
“Bəlkə bir gün oyuna qatılıb, layiqli şəkildə vidalaşa bilərəm, amma bundan artıq heç nə.”
Abramoviç klubda heç bir rəsmi vəzifə tutmaq istəmədiyini də vurğulayıb.
O, 2003-cü ildə "Çelsi"ni alaraq 19 il ərzində klubun 21 böyük titul qazanmasına töhfə verib. Lakin 2022-ci ilin martında Rusiya-Ukrayna müharibəsi fonunda Böyük Britaniya hökumətinin sanksiyalarına məruz qaldıqdan sonra klubu satmaq məcburiyyətində qalıb.
Satışdan əldə olunan 2,3 milyard funt sterlinq hazırda Böyük Britaniyada dondurulmuş hesabda saxlanılır və bu vəsaitin Ukraynanın müharibə qurbanlarına yönəldilməsi planlaşdırılır.
Abramoviç "Çelsi"dəki dövrünü həyatının ən böyük şərəfi kimi dəyərləndirib və klubun azarkeşlərinə təşəkkür edib.
© Copyright 2025, All Rights Reserved