ABŞ-dan "Mançester Yunayted"in futbolçusuna "elçi" var
MLS təmsilçisi “LA Qalaksi”nin “Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemironu transfer etməkdə maraqlı olduğu bildirilir. Amerika klubu braziliyalı futbolçunun vəziyyətini yaxından izləyir.
90plus.az xəbər verir ki, Kazemiro bu mövsüm “Mançester Yunayted”in yarımmüdafiəsində əsas fiqurlardan biri olub və komandanın ən stabil oyunçuları sırasında yer alır. Buna baxmayaraq, 33 yaşlı futbolçunun mövcud müqaviləsi mövsümün sonunda başa çatacaq. Hazırda “qırmızı şeytanlar”ın ona yeni sözləşmə təklif edəcəyi ilə bağlı ciddi siqnallar yoxdur.
Məhz bu qeyri-müəyyən vəziyyət “LA Qalaksi”nin diqqətini cəlb edib. Əgər Kazemiro mövsümün sonunda azad agent statusu alarsa, Amerika klubu onu transfer haqqı ödəmədən heyətinə qata bilər.
Xatırladaq ki, Kazemiro 2022-ci ildə “Real Madrid”dən “Mançester Yunayted”ə təxminən 70 milyon avro qarşılığında transfer olunub. O, “Old Trafford”a gəldikdən sonra İngiltərə klubunun heyətində 142 oyuna çıxıb, 21 qol vurub və 13 məhsuldar ötürmə edib.
Kazemironun gələcəyi ilə bağlı qərarın mövsümün sonuna doğru daha da aydınlaşacağı gözlənilir.
© Copyright 2026, All Rights Reserved