Acun Ilıcalı final rəqibinin dəyişməsindən narazıdır
Acun Ilıcalının "Hall Siti" klubu "Sauthempton"un Çempionşip pley-off mərhələsindən kənarlaşdırılması ilə bağlı yaranan vəziyyətdən sonra Premyer Liqaya birbaşa yüksəliş imkanını araşdırır.
90plus.az xəbər verir ki, İngiltərə mətbuatının məlumatına görə, “Hall Siti” rəhbərliyi hüquqi yolları nəzərdən keçirir və klubların final mərhələsinə hazırlıq prosesinin pozulmasını əsas gətirərək qərardan şikayət etməyi istisna etmir. Klubun narazılığı ondan ibarətdir ki, onlar bir həftə ərzində “Sauthempton”a qarşı oynamağa hazırlaşdıqları halda, mümkün final rəqibinin dəyişməsi vəziyyəti çətinləşdirib.
Qeyd olunur ki, “Sauthempton” qərardan apellyasiya şikayəti verib və proses hazırda davam edir. Buna baxmayaraq, “Hall Siti” bütün hüquqi imkanları açıq saxlayır və lazım gələrsə, finaldan sonra da addım atmağı planlaşdırır.
Digər tərəfdən, əlavə məlumatlara görə, “Sauthempton”da yaranmış qalmaqal daha da böyüyüb. Klub futbolçularının bir qismi rəhbərliyi məhkəməyə verməyi nəzərdən keçirir. İddialara əsasən, diskvalifikasiya qərarı rəqib məşqlərinin gizli şəkildə izlənilməsi və qeydə alınması ilə bağlı ittihamlardan sonra verilib.
Mövcud qərara görə, “Sauthempton”un əvəzinə finalda "Midlsbro" klubu çıxış edəcək və Premyer Liqaya vəsiqə uğrunda “Hall Siti” ilə qarşılaşacaq.
Məsələ ilə bağlı klub rəhbərliyi və futbolçular arasında yaxın günlərdə xüsusi görüşün keçirilməsi gözlənilir.
Qeyd: Premyer Liqaya yüksəlmək uğrunda final oyunu 23 may saat 19:30-da olacaq!
© Copyright 2026, All Rights Reserved