Acun İlıcalının komandası Super Liqadan oyunçu aldı

90plus.az xəbər verir ki, “Çaykur Rizespor”un sağ cinah hücumçusu David Akintola karyerasını İngiltərədə davam etdirəcək. İngiltərə Çempionşip təmsilçisi “Hal Siti” 29 yaşlı nigeriyalı futbolçu ilə 2 illik müqavilə imzalayıb.
Süper Liqadan daha öncə “Trabzonspor”un futbolçuları Con Lundstram və Enis Dəstanı transfer edən “Hal Siti” bu dəfə “Çaykur Rizespor”dan David Akintolanı heyətinə qatmaqla heyətini gücləndirib. Klubun sahibi isə məşhur media siması Acun İlıcalıdır.
Transferdən sonra fikirlərini bölüşən Akintola bildirib:
“Burada olmaqdan çox xoşbəxtəm, bu hissi sözlərlə izah edə bilmərəm. Bir neçə həftə əvvəl klub mənə maraq göstərdi və bu qərarı vermək mənim üçün çox asan oldu. Nigeriyada hər kəs Premyer Liqanı izləyir. ‘Hal Siti’ daha əvvəl Premyer Liqada oynamışdı və bu səbəbdən uzun zamandır tanıdığım bir klub idi.”
İngiltərədə oynamaq imkanının böyük bir şans olduğunu vurğulayan Akintola əlavə edib:
“Buradakı insanlar əladır, hər kəs məni çox isti qarşıladı. Baş məşqçimlə işləməyi və bu əla komandaya gözəl bir hekayə qatmağı səbirsizliklə gözləyirəm. Bu mənim bir arzumun gerçəkləşməsidir. Nigeriyada hər bir futbolçu İngiltərədə oynamaq istəyir. Uşaqlıqdan bunu izləyirik. Komandaya böyük uğurlar qazandırmaq üçün əlimdən gələni edəcəyəm.”
Daha öncə “Hatayspor” və “Adana Dəmirspor”da da çıxış etmiş David Akintola ötən mövsüm “Çaykur Rizespor”un heyətində 36 oyuna çıxaraq 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved