Acunun klubunun finaldakı rəqibi dəyişdi
“Sauthempton” casus qalmaqalına görə pley-offdan kənarlaşdırıldı. Acun İlıcalının klubunun finaldakı rəqibi dəyişdi.
90plus.az xəbər verir ki, “Sauthempton” “Midlsbro”ya qarşı keçirilən Çempionşip pley-off yarımfinalı ərəfəsində casusluq etdiyi üçün ağır cəzalandırılıb.
İngiltərə Futbol Liqası (EFL) klubun rəqibin məşqlərini icazəsiz şəkildə izlədiyini və bununla bağlı qaydaları dəfələrlə pozduğunu açıqlayıb. Nəticədə “Sauthempton” pley-offdan kənarlaşdırılıb və əlavə olaraq 2026/27 mövsümündə Çempionşipdə 4 xal silinmə cəzası alıb.
Yarımfinalda “Sauthempton”a məğlub olan “Midlsbro” isə yenidən finala qaytarılıb. Komanda Premyer Liqaya yüksəlmək uğrunda həlledici görüşdə “Hal Siti” ilə qarşılaşacaq. “Uembli”də keçiriləcək final matçı planlaşdırıldığı kimi şənbə günü baş tutacaq, oyunun başlama saatı isə daha sonra açıqlanacaq.
EFL bəyanatında “Sauthempton”un digər klubların məşqlərinin icazəsiz çəkilişi ilə bağlı bir neçə qayda pozuntusunu etiraf etdiyi bildirilib. Klub bütün ittihamlarla bağlı rəsmi töhmət də alıb.
Hadisənin detalları: BBC-nin yaydığı məlumata görə, “Midlsbro” komandası “Rockliffe Park” bazasında oyuna hazırlıq keçərkən “Sauthempton”un analitiklərindən biri yaxınlıqdakı qolf klubunun ərazisində avtomobilini saxlayıb. Daha sonra o, məşq meydançasını izləmək mümkün olan yüksək nöqtəyə keçərək mobil telefon vasitəsilə məşqi çəkib.
“Midlsbro” əməkdaşları həmin şəxsin görüntüləri videozəng vasitəsilə canlı yayımladığından şübhələniblər. Klub nümayəndəsi ona yaxınlaşsa da, həmin şəxs özünü təqdim etməyib, telefondakı bəzi materialları silib və hadisə yerindən qaçıb.
Məlumata görə, o, qolf klubunun tualetində paltarını dəyişərək ərazini tərk edib. Daha sonra “Midlsbro”nun fotoqrafı çəkilən şəkillər vasitəsilə həmin şəxsin “Sauthempton”un rəsmi saytında çalışan analitik olduğunu müəyyənləşdirib. Fotolardan biri ötən həftə ictimaiyyətə açıqlanmışdı.