AFCON 2027 təxirə salına bilər
2027-ci ildə Keniya, Tanzaniya və Uqandanın birgə ev sahibliyi etməsi planlaşdırılan Afrika Millətlər Kubokunun 2028-ci ilə təxirə salınması ehtimalı yaranıb. Buna səbəb üç ölkənin 24 komandalı turniri 10 şəhərdə keçirməyə hazır olması ilə bağlı ciddi infrastruktur və təşkilati narahatlıqlardır.
90plus.az xəbər verir ki, CAF-ın İcraiyyə Komitəsi bu məsələni 13 fevral 2026-cı il tarixində Dar əs-Səlamda keçiriləcək iclasda müzakirə edəcək.
“The Guardian” bu məlumatı verib. Mənbələr bildirir ki, ötən ilin avqustunda həmin ölkələrdə təşkil olunan CHAN turnirində yaşanan logistik problemlərin təkrarlanmaması üçün yarışın təxirə salınacağına dair gözləntilər artır.
Təxirə salınma baş verərsə, 2028-ci il üçün planlaşdırılan növbəti Afrika Millətlər Kuboku ləğv ediləcək. Həmin turnirə ev sahibliyi etmək niyyətini Efiopiya da ifadə etmişdi. Bunun əvəzində CAF 2029-cu ildən etibarən Afrika Millətlər Liqasını tətbiq etməyi planlaşdırır. Bu, iki ildən bir keçirilən Afrika Millətlər Kuboku və CHAN formatının əvəzlənməsi deməkdir.
Hazırda əsas problemlər stadion infrastrukturu, bilet satışı, təhlükəsizlik və sıx beynəlxalq oyun təqvimi ilə bağlıdır. Bildirilir ki, yayda keçiriləcək dünya çempionatına 10-a qədər Afrika yığması vəsiqə qazana bilər ki, bu da təqvimi daha da çətinləşdirir. CAF yayılan xəbərlərlə bağlı hələlik rəsmi açıqlama verməyib.
İcraiyyə Komitəsinin iclasında həmçinin Mərakeşin gələn ay keçirilməsi planlaşdırılan Qadınlar üzrə Afrika Millətlər Kubokuna ev sahibliyindən imtina edəcəyi məsələsi də müzakirə olunacaq. Turnirin 17 martda start götürməsi nəzərdə tutulurdu və Cənubi Afrikanın ev sahibliyini üzərinə götürməyə hazır olduğu bildirilir.
© Copyright 2026, All Rights Reserved