AFFA “Qarabağ”a 2500 + 8700 cərimə kəsdi
AFFA İntizam Komitəsi “Qarabağ” klubuna 2 500 manat + 8700 manat məbləğində cərimə tətbiq edib.
90plus.az xəbər verir ki, bu qərar Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Şamaxı” ilə keçirilən görüşdə (3:1) baş verən hadisələrlə bağlıdır. “Köhlən atlar” 89-cu dəqiqədə meydana kənar şəxsin daxil olması səbəbindən cərimələnib. Digər tərəfdən, “Şamaxı” dörd futbolçusunun sarı vərəqə alması üzündən 700 manat ödəyəcək.
"Qarabağ" – "Sabah" qarşılaşmasında Ağdam klubunun 5 oyunçusu xəbərdarlıq aldığı üçün komanda 700 manat cərimələnib. Bundan əlavə, "Qarabağ"ın azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyi və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığı üçün klub daha 8 000 manat cərimə edilib.
Martın 1-də keçirilən "Turan Tovuz" – "İmişli" matçında isə 4 futbolçusunun sarı vərəqə alması səbəbindən Tovuz təmsilçisi 700 manat cərimə olunub.
Çempionatın digər oyunlarında da intizam tədbirləri görülüb. “Zirə” ilə matçda birbaşa qırmızı vərəqə alan “Sumqayıt”ın futbolçusu Nikola Ninkoviç iki oyunluq cəzalanıb və klub 1 000 manat cərimələnib.
Eyni zamanda, “Sabah”la görüşdə qırmızı vərəqə alan “Qəbələ”nin oyunçusu Adriel Ba Loua da növbəti iki çempionat oyununu buraxacaq. “Qırmızı-qaralar” isə bu hadisə səbəbindən 1 000 manat cərimə olunub.
© Copyright 2026, All Rights Reserved