Aftandil Hacıyev ağır məğlubiyyət haqda: “Start həyəcanı mane oldu”

“Qarabağ” U-19 Lissabonda ağır məğlubiyyətlə start götürdü və akademiyanın koordinatoru oyunu şərh etdi.
90plus.az xəbər verir ki, “Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasının Liqa mərhələsində ilk oyununda Lissabonda “Benfika”ya 1:7 hesabı ilə uduzub.
Klubun akademiya koordinatoru Aftandil Hacıyev qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:
“Matçı iki hissəyə ayırmaq olar. İlk yarıda futbolçularımızın həyəcanı çox hiss olunurdu. Bu, belə səviyyəli turnirdə ilk dəfə çıxış etmələri ilə bağlı idi. Oyuna yaxşı başlaya bilmədik, səhvlərdən erkən qollar buraxdıq. Start həyəcanı futbolçulara mane oldu.
Fasilədə məşqçilərin verdiyi tapşırıqlar ikinci hissədə özünü göstərdi. Hesab böyük olsa da, oyunun ikinci hissəsini bərabər nəticə ilə tamamladıq. Məncə, həm futbolçular, həm də məşqçilər bu görüşdən vacib təcrübə qazandı”.
Hacıyev “Benfika” barədə də danışıb:
“Rəqibin heyəti ilə bağlı əvvəlcədən tam dəqiq məlumat yox idi. Çünki bu yaş qrupunda üç fərqli heyətə sahibdirlər. Matçdan öncə çempionatda və turnirdəki çıxışlarını izlədik. Bu dəfə daha təcrübəli oyunçulara şans verdilər.
Gənclər Liqasına çox ciddi yanaşırlar, çempionluq üçün mübarizə aparırlar. “Benfika” Avropanın ən güclü akademiyalarından birinə malikdir.
Onların sistemi və şəraiti uzun illərdir formalaşıb, bu da bizə faydalı təcrübə qazandırdı”.
© Copyright 2025, All Rights Reserved