“Al Hilal”ın prezidenti Messi üçün ABŞ-də

“Al Hilal” Lionel Messini Səudiyyə Ərəbistanına gətirmək üçün yeni cəhdə hazırlaşır (📰:SPORT).
90plus.az xəbər verir ki, klubun prezidenti Fahd bin Nafel bu məqsədlə hazırda ABŞ-da səfərdədir və yaxın günlərdə futbolçunun atası və meneceri Xorxe Messi ilə görüş planlaşdırılır. Həmin görüşün 38 yaşlı superulduzun gələcəyini müəyyənləşdirə biləcək həlledici məqam ola biləcəyi bildirilir.
Səudiyyə mənbələrinin sözlərinə görə, “Al Hilal” bu prosesi tam ciddiyyətlə izləyir və Messini həm qlobal reputasiyanı gücləndirmək, həm də Avropa nəhəngləri ilə idman və marketinq baxımından rəqabət aparmaq üçün ideal sima hesab edir.
Hazırda Messi “İnter Mayami”yə diqqətini tam yönəldib. O, MLS təmsilçisinin “Portu” və “Əl-Əhli” üzərində qələbə qazanaraq Klubların Dünya Çempionatının 1/8 final mərhələsinə yüksəlməsində əsas rol oynayıb. Bu turnirdə iştirak klub üçün tarixi hadisə olsa da, Messinin bu yarışdan sonra nə edəcəyi hələlik məlum deyil. Səudiyyəlilər isə hesab edir ki, onun “İnter Mayami” ilə 2025-ci ilin sonuna qədər olan müqaviləsinin son ayları belə bir razılıq üçün nadir fürsət yaradır.
“Al Hilal” son illər ulduz futbolçuları cəlb etməklə tanınır. Messinin transferi isə klubun indiyədək atdığı ən böyük addım ola bilər. Klub daxilində artıq rəsmi danışıqlar üçün konkret planlar müzakirə olunur və bu həftə baş tutacaq görüş həmin prosesin ilk ciddi mərhələsi sayılır.
Qeyd: Messi 2023-cü ildə “İnter Mayami”yə keçdikdən sonra 60 oyunda 50 qol vurub, 24 məhsuldar ötürmə ilə yadda qalıb və klubun tarixində ilk titulun qazanılmasında əsas pay sahibi olub. Onun gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam etsə də, “Al Hilal” ümid edir ki, dünya çempionunu karyerasının növbəti səhifəsini Səudiyyə Ərəbistanı Pro Liqasında açmağa inandıra biləcək.
© Copyright 2025, All Rights Reserved