“Al-Nassr”ın baş məşqçisi Jorje Jezuşa ağır cəza təhlükəsi
Səudiyyə Ərəbistanı Pro Liqasında “Al-Nassr” klubunu çalışdıran təcrübəli mütəxəssis Jorje Jezuş “Al-Hilal”la oyundan sonra səsləndirdiyi fikirlərə görə ciddi sanksiya ilə üz-üzə qala bilər.
90plus.az xəbər verir ki, 70 yaşlı portuqaliyalı mütəxəssislə “Al-Hilal” klubu 2025-ci ilin may ayında yollarını ayırmışdı. 2022–2023 mövsümündə “Fənərbağça”nı çalışdıran Jorje Jezuş 2023-cü ilin iyulunda “Al-Hilal”ın baş məşqçisi olmuş, 2025-ci ilin iyulunda isə “Al-Nassr”ın sükanı arxasına keçmişdi. Onun klubla müqaviləsi 2026-cı ilə qədər qüvvədədir.
Son “Al-Hilal” matçından sonra açıqlama verən Jorje Jezuş qalmaqallı ifadələr işlədib:
“‘Al-Hilal’ın futbolçuları öz xeyirlərinə qərarların verilməsi üçün hakimə təzyiq göstərirlər. Bu, oyunları yaxşı idarə edən, təcrübəli komandadır. Bu kollektivi mən qurmuşam və təxminən iki il mənimlə işləyiblər, buna görə də bunu çox yaxşı bilirəm. ‘Al-Nassr’ ‘Al-Hilal’ın sahib olduğu siyasi təsirə malik deyil.”
Bu açıqlamalardan sonra “Al-Hilal” rəhbərliyi hərəkətə keçib. Klubun yaydığı rəsmi bəyanatda bildirilib ki, Jorje Jezuşun sözləri Səudiyyə futbolunun beynəlxalq səviyyədə formalaşdırdığı imicə zərər vurur. Açıqlamada futbolun neytrallığı, bütövlüyü və ədalətli rəqabət prinsiplərinin qorunmasının vacibliyi vurğulanıb və məsələ ilə bağlı aidiyyəti qurumlara rəsmi şikayət prosesinin başladıldığı qeyd edilib.
Səudiyyəli jurnalist Yaqoub Əl-Mütairin məlumatına görə, portuqaliyalı mütəxəssis ağır cəza ilə üzləşə bilər. Xəbərdə bildirilib ki, “Al-Hilal”ın şikayəti əsasında Jorje Jezuş 6 aya qədər futboldan uzaqlaşdırıla və 300 min riyal məbləğində cərimələnə bilər.
Bu məsələnin necə nəticələnəcəyi yaxın günlərdə Səudiyyə futbol ictimaiyyətinin əsas müzakirə mövzularından biri olacaq.
© Copyright 2026, All Rights Reserved