Alan Şirer: “İstəmir, qoy çıxıb-getsin”

“Nyukasl”ın əfsanəsi Alan Şirer Aleksander İsakla bağlı yaranmış vəziyyətdə kluba açıq mesaj göndərib: “Əgər qalmaq istəmirsə, qoy çıxsın-getsin”.
90plus.az xəbər verir ki, ulduz hücumçunun gələcəyi hələ də qeyri-müəyyəndir. “Liverpul” 24 yaşlı isveçli forvarda ciddi maraq göstərir və bu transferin dəyərinin 150 milyon funt sterlinqdən (199 milyon dollar) çox ola biləcəyi bildirilir. İsak yaxın günlərdə baş məşqçi Eddi Hau ilə gələcəyi barədə son qərarı vermək üçün görüşəcək.
Şirer hesab edir ki, əgər İsakı komandada saxlamaq mümkün deyilsə, onu yaxşı təklif qarşılığında satmaq “Nyukasl” üçün daha məqsədəuyğun olardı. Klub hücum xəttini gücləndirmək üçün “Leypsiq”dən Benjamin Şeşkonu transfer etmək istəyir. Lakin bu transfer də təhlükədədir, çünki “Mançester Yunayted” də slovakiyalıya maraq göstərir.
Alan Şirer “The Rest Is Football” podkastında bunları deyib:
“Ona qarşı heç bir qəzəbim yoxdur. Futbolun necə işlədiyini bilirəm. Oyunun içində nələrin baş verdiyini, oyunçuların və menecerlərin nə düşündüyünü anlayıram.
Onun düşüncələrini müəyyən qədər başa düşürəm. Bu məni sevindirirmi? Yox. Amma bu, futboldur. “Liverpul”un onunla və ya agenti ilə əlaqə saxladığı artıq məlumdur.
Məncə, bu transfer gələn yay ola bilərdi. Amma əgər indi onun fikrini dəyişmək mümkünsüzdürsə və o, qalmaq istəmirsə, elə indidən yolları ayırmaq daha düzgündür. Kim buna uyğun pul verirsə, götür, sağ ol de və davam et.
Heç bir oyunçu klubdan böyük deyil. Əgər qalmaq istəmirsə, burax getsin, və biz də yolumuza davam edək.”
Qeyd: “Nyukasl” yay transfer dönəmində indiyədək “Nottingem Forest”dən Antoni Elanga ilə müqavilə bağlayıb, “Sauthempton”dan isə qapıçı Aaron Ramsdeyli icarəyə götürüb.
Komanda avqustun 8-də İspaniyanın “Espanyol” klubu ilə yoxlama oyunu keçirəcək. Transfer məsələlərinin isə həmin vaxta qədər aydınlaşması gözlənilir.