Aleksander İsak şoku: “Liverpul”un qorxduğu başına gəldi
İngiltərə Premyer Liqasında “Liverpul”un səfərdə “Tottenhem”i 2:1 hesabı ilə məğlub etdiyi oyunda zədələnən Aleksander İsakdan pis xəbər gəlib.
90plus.az xəbər verir ki, isveçli hücumçunun ayağında sınıq ehtimalının olduğu və uzun müddət yaşıl meydanlardan uzaq qala biləcəyi bildirilir.
“Liverpul”un qollarını Aleksander İsak və Uqo Ekitike vurduğu qarşılaşmada İsak zədə səbəbindən oyunu davam etdirə bilməyib. Hücumçu matçın 56-cı dəqiqəsində qol vurduqdan sonra cərimə meydançasında yerdə qalıb və sonradan əvəzlənib.
“The Athletic” nəşrinin yaydığı məlumata görə, Aleksander İsakın ayağında sınıq aşkarlanıb. Zədənin dəqiq dərəcəsi hələlik müəyyənləşdirilməsə də, futbolçunun meydana qayıdışının ən azı bir neçə ay çəkəcəyi vurğulanır.
“Nyukasl Yunayted”dən rekord məbləğ qarşılığında “Liverpul”a transfer olunan Aleksander İsak bu mövsüm Mersisayd təmsilçisinin heyətində 16 oyunda meydana çıxıb, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
İsakın uzunmüddətli zədəsi “Liverpul” üçün mövsümün qalan hissəsində ciddi problem yarada bilər.
© Copyright 2026, All Rights Reserved