Alkaras riskli zədə alıb, Sinner əsas favoritdir
Karlos Alkaras “Uimbldon”dan kənarda qaldı – ispaniyalı tennisçi uzunmüddətli zədə səbəbindən mövsümün vacib hissəsini buraxacaq.
90plus.az xəbər verir ki, ispaniyalı tennisçi Karlos Alkaras bilək nahiyəsindəki zədə səbəbindən “Uimbldon” turnirindən rəsmən geri çəkilib.
23 yaşlı idmançı sonuncu dəfə ötən ay Barselona Açıq çempionatında korta çıxmışdı. O, turnirin ikinci mərhələ görüşü zamanı sağ biləyində ağrı hiss etdikdən sonra matçı yarımçıq dayandırmışdı. Bundan sonra Alkaras bütün torpaq örtüklü mövsümü, o cümlədən “Rolan Qarros”u da buraxmağa məcbur olmuşdu.
İspan tennisçi sosial şəbəkə hesabında yaydığı açıqlamada bərpasının müsbət keçdiyini bildirsə də, hələ yarışmağa hazır olmadığını vurğulayıb:
“Bərpa prosesim yaxşı gedir və özümü daha yaxşı hiss edirəm. Təəssüf ki, hələ rəqabət aparacaq vəziyyətdə deyiləm. Buna görə də Kvins və “Uimbldon” turnirlərindən geri çəkilməli oldum. Bu yarışlar mənim üçün çox özəldir və onlar üçün çox darıxacağam. Ən qısa zamanda geri qayıtmaq üçün çalışmağa davam edəcəyik”.
Həkimlərin ilkin proqnozuna əsasən, Alkaras ən azı üç ay kortlardan uzaq qalacaq. Tennisdə bilək zədələrinin xroniki problemə çevrilmə riskinin yüksək olması səbəbindən bu qərarın gözlənilən olduğu qeyd edilir.
Alkaras ötən mövsüm “Rolan Qarros”un qalibi olmuşdu. O, finalda Yannik Sinner üzərində qələbə qazanaraq karyerasının ən yaddaqalan titullarından birini əldə etmişdi. İspaniyalı tennisçi eyni zamanda ikiqat “Uimbldon” çempionudur və ötən il finalda yenə Sinnerə məğlub olmuşdu.
Alkarasın yoxluğunda isə əsas diqqətlər dünya reytinqinin bir nömrəsi Yannik Sinner üzərinə yönələcək. İtaliyalı tennisçi ardıcıl altıncı “Masters 1000” titulunu qazanıb və hazırda 29 oyunluq qalibiyyət seriyasına malikdir. Buna görə Sinner həm “Rolan Qarros”, həm də 29 iyunda başlayacaq “Uimbldon”un əsas favoriti hesab olunur.