"Amorim də olmadı", yeni məşqçi yoldadır

İngiltərə Premyer Liqasında bu mövsüm də istədiyi nəticələri əldə edə bilməyən "Mançester Yunayted"də baş məşqçi Ruben Amorimlə yolların ayrılması gözlənilir.
90plus.az xəbər verir ki, son olaraq "Brentford"a 1:3 hesabı ilə məğlub olan "qırmızı şeytanlar"da portuqaliyalı mütəxəssisin krediti tamamilə tükənib.
6 turdan sonra cəmi 7 xal toplayan "Mançester Yunayted" rəhbərliyi artıq baş məşqçi dəyişikliyinə qərar verib. İddialara görə, yeni baş məşqçi illər sonra yenidən bir ingilis olacaq.
2020–2024-cü illər arasında "Sportinq" (Portuqaliya) klubunda qazandığı uğurlarla adından söz etdirən Ruben Amorim 2024-cü ilin noyabrında "Yunayted"in başına gətirilmişdi. Bu mövsüm ilk dəfə tam heyətlə işə başlayan 40 yaşlı mütəxəssis 250 milyon avroluq transfer xərcinə və forvard xəttində yenilənməyə baxmayaraq, komandanı toparlaya bilməyib.
Klubun sahibi Sir Cim Ratkliffin qərarı ilə Amorimlə yolların ayrılması artıq qaçılmaz hesab olunur.
İngiltərə mətbuatında yer alan "TBR Football"un məlumatına əsasən, "Mançester Yunayted" rəhbərliyi artıq yeni baş məşqçi ilə ilkin razılığa gəlib. Klubun sahibi Sir Cim Ratklif İngiltərə milli komandasının sabiq baş məşqçisi Qaret Sautgeytlə görüş keçirib.
Sautgeytin "Yunayted"ə gətirilməsi demək olar ki, rəsmiləşib. Premyer Liqada Ruben Amorim rəhbərliyi altında çıxış etdiyi 33 oyunda cəmi 9 qələbə qazanan komandanın, son 6 matçın 3-də uduzması qərarı sürətləndirib.
"Mançester Yunayted"in əfsanəvi futbolçusu Ueyn Runi də Amorimin çıxışını sərt tənqid edib. O, verdiyi açıqlamada bildirib:
"Amorim gələndən bəri 'Yunayted' daha da zəif oynamağa başlayıb. Artıq böyük komanda deyil, kiçik komanda kimidirlər."
55 yaşlı Qaret Sautgeyt 2016–2024-cü illər arasında İngiltərə milli komandasını çalışdırıb. Onun rəhbərliyi ilə İngiltərə 2018 Dünya Çempionatının yarımfinalına, 2021-ci ildə keçirilən AVRO-2020-nin finalına yüksəlmişdi. Lakin AVRO-2024-də final məğlubiyyətindən sonra milli komandadakı vəzifəsini tərk etmişdi.