Antoni: “Hər şeyi pulla almaq olmur”

Yay transfer pəncərəsinin son günündə Antoni “Mançester Yunayted”dən “Real Betis”ə birdəfəlik əsasda qayıdıb.
90plus.az xəbər verir ki, 25 yaşlı futbolçu uzun müddətdir Əndəlüsə dönmək istəyirdi və bir neçə dəfə bu transferin baş tutacağına şübhə yaransa da, sonda reallaşıb.
Çərşənbə axşamı Antoni “Betis”in futbolçusu kimi ikinci dəfə təqdim olunub.
Xatırlatma: O, ötən mövsümü icarə əsasında “yaşıl-ağlar”ın heyətində keçirmişdi. “Diario AS”ın məlumatına görə, braziliyalı futbolçu komandaya qayıtdığı üçün sevincini belə ifadə edib:
“Çox böyük fərq var! Sevilya Mançesterdən daha gözəldir. Nəhayət buradayam. 40 gündən çox hoteldə qalmalı olmuşam, çox çətin idi, amma hamı bilirdi ki, mən Betisə qayıtmaq istəyirdim. İndi isə daha çox vaxtımız var, qarşımızda çox işlər və məqsədlər durur. Betis azarkeşlərinin göstərdiyi sevgini görüb yatmaq belə çətin idi, gecə saat 2-də evimin qarşısında məni gözləyənlər vardı.
Mənim üçün sevgi çox önəmlidir, hər şeyi pulla almaq olmur. Burada böyük hisslər və sevgi var, hər zaman birinci seçimim Betis idi. Buna görə də son günə qədər gözlədim. İndi buradayam, sevdiyim şəhərdə və sevdiyim klubdayam, xoşbəxtəm.”Antoni "Mançester Yunayted"də çətin yay dövründən danışıb.
Antonidən həmçinin “Mançester Yunayted”də keçirdiyi çətin yay barədə də soruşulub. O, əsas komandadan kənarlaşdırılaraq ayrıca məşq etməyə məcbur qalması ilə bağlı açıqlama verərkən göz yaşlarını saxlaya bilməyib:
“Orada nə qədər çətin olduğunu yalnız ailəm bilir. Ayrı məşq etmək… Amma bilirdim ki, bu inanılmaz an gələcək. Əlbəttə, sonda baş tutmayacağından qorxurdum, amma inamımı itirmədim və gözlədim.”
© Copyright 2025, All Rights Reserved