Antuan Qrizmanın yeni adresi rəsmiləşdi
ABŞ-ın MLS liqasında çıxış edən "Orlando Siti" heyətini ulduz futbolçu ilə gücləndirib.
90plus.az xəbər verir ki, Amerika klubu Antuan Qrizmann transferini rəsmən açıqlayıb. Klubun yaydığı məlumata görə, fransalı hücumçu ilə müqavilə 2026-cı ilin iyul ayından qüvvəyə minəcək və 2027-2028 mövsümünün sonuna qədər nəzərdə tutulub. Razılaşmada 2028-2029 mövsümü üçün opsiya da yer alıb.
İspaniya mətbuatında yayılan xəbərlərə əsasən, mövsümün sonunda komandaya qoşulacaq Antuan Qrizmannın "Orlando Siti"də illik 10 milyon avro qazanacağı iddia olunur.
Karyerası ərzində "Atletiko Madrid", "Barselona" və "Real Sosyedad" formalarını geyinən fransalı futbolçu 792 rəsmi oyunda 298 qol və 132 məhsuldar ötürmə ilə yadda qalıb.
"Atletiko Madrid" tarixinin ən məhsuldar futbolçusu olan Qrizmann klub səviyyəsində UEFA Avropa Liqası, UEFA Super Kuboku, İspaniya Kral Kuboku və İspaniya Super Kuboku kimi titullar qazanıb.
Fransa millisinin heyətində 2018-ci ildə dünya çempionu olan Antuan Qrizmann 2022-ci ildə isə finala yüksəlməyi bacarıb. Milli komandada 137 oyunda 44 qol vuran təcrübəli hücumçu 2024-cü ildə beynəlxalq karyerasını başa vurub.
"Orlando Siti"nin sahibi Mark Vilf bu transferi klub və şəhər üçün tarixi hadisə adlandırıb. Klubun idman direktoru Rikardo Moreyra isə Qrizmannın liderlik keyfiyyətlərinin komandaya böyük fayda verəcəyini bildirib.
Antuan Qrizmann isə açıqlamasında klubun hədəflərinin onu təsirləndirdiyini və Orlandoda yeni səhifə açmaq üçün həyəcanlı olduğunu deyib.
Qeyd: Fransalı futbolçu yeni komandasında 7 nömrəli formanı geyinəcək.
© Copyright 2026, All Rights Reserved