Antuan Semenyo “Mançester Siti”ni seçdi
“Mançester Siti” Antuan Semenyonu yanvarda heyətinə qatmağa yaxındır.
90plus.az xəbər verir ki, “Bournmut”un vingeri Antuan Semenyo karyerasını “Mançester Siti”də davam etdirməyə üstünlük verib. Bu barədə The Athletic nəşrinin jurnalisti Devid Ornştayn məlumat yayıb.
Mənbəyə görə, 25 yaşlı futbolçu yanvar transfer pəncərəsində “Mançester Yunayted”in təklifini geri çevirərək “Siti”ni seçib. Semenyonun qərarında əsas amil kubok qazanmaq istəyi olub. “Yunayted” futbolçunu razı salmaq üçün ciddi cəhd göstərsə də, klub yalnız öz istəyi ilə gəlmək istəyən oyunçularla yanvar transferi etməyi planlaşdırırdı.
Semenyo ilə maraqlanan digər klub “Liverpul” olsa da, mersisaydlılar noyabrda maraq göstərdikdən sonra konkret addım atmayıblar.
Hazırda tərəflər arasında rəsmi razılaşma yoxdur. Buna əsas səbəb transfer pəncərəsinin açılmasına hələ bir həftədən bir qədər artıq vaxt qalmasıdır. Qanalı futbolçunun “Bournmut”la müqaviləsində 10 yanvara qədər aktiv edilə bilən 65 milyon funt sterlinqlik sərbəstqalma maddəsi mövcuddur.
Bu maddənin detalları da diqqət çəkir. CentreDevils-in məlumatına görə, ümumi məbləğ 60 milyon funt əsas ödəniş və 5 milyon funt bonuslardan ibarətdir. Əsas məbləğin hissə-hissə ödənilməsi mümkündür və ilk mərhələdə – 30 iyun 2026-dan əvvəl – cəmi 20 milyon funt ödənə bilər.
Məşhur insayder Fabrizio Romano isə bildirir ki, “Mançester Siti” son 12 saat ərzində transfer üçün səylərini xeyli artırıb. Klubun idman direktoru futbolçunun düşərgəsi ilə birbaşa danışıqlara başlayıb. Semenyonun razılığı əsas həlledici faktor sayılır, çünki “Bournmut”la danışıqlar sərbəstqalma maddəsinə görə çətin olmayacaq.
Hazırda yarışda əsas favorit “Mançester Siti” hesab olunur. “Mançester Yunayted” prosesi davam etdirsə də, “Liverpul” vəziyyəti izləməklə kifayətlənir. “Çelsi” isə ilkin təklifindən cəmi 24 saat sonra bu transfer yarışından çəkilib.