Anxel Korreya “Atletiko” ilə vidalaşdı

Anxel Korreya "Atletiko Madrid"dəki karyerasına nöqtə qoyur və klub tarixində ən çox oyun keçirən altıncı futbolçu kimi doğma komandası ilə vidalaşır.
90plus.az xəbər verir ki, “Los Rojiblankos” və Meksikanın “Tiqres UANL” klubu Anxel Koreyanın transferi ilə bağlı razılığa gəlib. Transfer məbləği açıqlanmayıb.
Beləliklə, argentinalı futbolçu Madrid klubunda keçirdiyi 10 illik karyerasına yekun vuraraq karyerasında yeni mərhələyə start verir. Bu müddətdə Korreya “Atletiko”nun heyətində ümumilikdə 469 rəsmi oyunda iştirak edib ki, bu da klub tarixində altıncı, legionerlər arasında isə ikinci göstəricidir.
Korreya “Atletiko”da 88 qol vurub, 65 qolun ötürməsini verib. O, 2020/21 mövsümündə La Liqa çempionu olub, 2017/18 mövsümündə Avropa Liqasını, 2018-ci ildə isə UEFA Superkubokunu qazanıb.
Eyni zamanda, bu illər ərzində Argentina millisinin heyətində də üç böyük titul əldə edib: 2021 Amerika Kuboku, 2022 Finalissima və 2022 Dünya Çempionatı.
“Atletiko Madrid”in rəsmi açıqlamasında deyilir: “Atletiko Madrid” adından Anxel Korreyaya kluba verdiyi əvəzsiz töhfə və əməyi üçün təşəkkür edirik. Gələcək peşəkar və şəxsi həyatında ona uğurlar arzulayırıq.”
© Copyright 2025, All Rights Reserved