“Araz”ın çalışdırıcısı “Zirə” qələbəsindən danışdı
Misli Premyer Liqasının 33-cü turunda “Araz-Naxçıvan” səfərdə “Zirə” üzərində 3:2 hesablı əzmkar qələbə qazanıb.
Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Naxçıvan təmsilçisinin baş məşqçisi Andrey Demçenko komandasının çıxışını yüksək qiymətləndirib.
90plus.az xəbər verir ki, ukraynalı mütəxəssis futbolçularının meydanda göstərdiyi oyundan razı qaldığını bildirib:
“Qələbə hər zaman sevindiricidir. Komanda bu gün futbol oynamağa çalışdı və düşünürəm ki, nəticəyə layiq idi. “Zirə” çox yaxşı təşkilatlanmış komandadır. Rəqibin nə etmək istədiyi meydanda aydın görünürdü. Buna baxmayaraq oyun planımızı həyata keçirməyə çalışdıq”.
Demçenko matç ərzində bəzi səhvlərin komandaya çətinlik yaratdığını da etiraf edib. Onun sözlərinə görə, sadə epizodlarda top itkisi rəqibə imkanlar qazandırıb:
“Bəzi anlarda diqqətsizlik etdik və rəqib bundan yararlanmağa çalışdı. Daha yüksək hədəflər uğrunda oynamaq üçün komanda topa daha yaxşı nəzarət etməli, daha ağıllı futbol sərgiləməlidir”.
Baş məşqçi qarşılaşmanın son dəqiqələrinin gərgin keçdiyini də qeyd edib. O bildirib ki, təyin olunan penalti oyunun taleyini dəyişə bilərdi:
“Son anlarda bəxt də bizim tərəfdə oldu. Penalti epizodundan sonra hesab bərabərləşə bilərdi. Amma komanda sona qədər mübarizə apardı və vacib qələbəni qorudu”.
© Copyright 2026, All Rights Reserved