Arne Slotdan Məhəmməd Salah açıqlaması: “Ehtiyacım olan şey budur”
"Lids Yunayted" matçından sonra verdiyi açıqlamalar səbəbilə "İnter" qarşılaşmasının heyətinə salınmayan Məhəmməd Salah barədə "Liverpul"un baş məşqçisi Arne Slotdan yeni açıqlama gəlib.
90plus.az xəbər verir ki, Premyer Liqada sabah keçiriləcək "Brayton" matçı öncəsi mətbuat konfransı təşkil edən holland mütəxəssis Salahın vəziyyəti ilə bağlı sualları cavablandırıb.
33 yaşlı misirli hücumçu ilə bu gün görüşəcəyini deyən Slot belə bildirib:
“Ehtiyacım olan şey onunla görüşməkdir. Salah haqqında burada danışmaq istəmirəm, bunu onunla aramızda həll edəcəyik. Daha çox deyəcək sözüm yoxdur. Bu gün onunla danışacağam və sabah necə bir vəziyyət yaranacağını görəcəyik.”
Təcrübəli çalışdırıcıya Salahın komandada qalıb-qalmaması ilə bağlı sual da ünvanlanıb. Slot bu suala belə cavab verib:
“Salahın qalmasını istəməmək üçün heç bir səbəbim yoxdur. Klub onunla birlikdə çox oyun qazandı.”
Son üç liqa oyununda ehtiyatda qalan Salah "Lids Yunayted" ilə 3-3 başa çatan qarşılaşmadan sonra belə demişdi:
“Çox, həm də çox məyus oldum. Bu klub üçün çox şey etmişəm. İndi isə ehtiyatda otururam və səbəbini bilmirəm. Klub sanki məni avtobusun altına atıb. Mənim hiss etdiyim budur.”
Bu açıqlamaların ardından misirli ulduz "İnter"lə səfər matçında – "Liverpul"un 1-0 qalib gəldiyi UEFA Çempionlar Liqası oyununda – heyətdə yer almamışdı.
© Copyright 2025, All Rights Reserved