“Arsenal” Ekvadordan əkiz istedad alır
"Arsenal" Ekvadordan iki gənc simanı gətirir: Kintero əkizləri ilə anlaşma əldə olundu!
90plus.az xəbər verir ki, "Arsenal" Ekvadorun “İndependiente del Valle” klubunun 16 yaşlı istedadları – əkiz qardaşlar Edvin və Holger Kinteronu transfer etmək üçün razılıq əldə edib.
Məlumata görə, Kintero qardaşları bu həftə Londonu ziyarət ediblər və “topçular”a qoşulmaq üçün lazımi sənədləşmə prosedurlarını tamamlayıblar. Transfer rəsmiləşdikdən sonra onlar 2027-ci ildə 18 yaşları tamam olanda “Arsenal”ın heyətinə qatılacaqlar.
Razılaşmanın maliyyə detalları açıqlanmasa da, bu transfer London klubunun son illərdə gənc istedadların cəlbi istiqamətində atdığı addımların davamı kimi qiymətləndirilir. “Arsenal” oktyabr ayında daha bir 16 yaşlı futbolçu Viktor Ojianvunanın 2027-ci ilin yanvarından etibarən “Şemrok Rovers”dən heyətə qoşulacağını da təsdiqləmişdi.
“İndependiente del Valle” Ekvadorun istedad mərkəzi kimi tanınır. Bu klub "Çelsi"dəki Moises Kaysedonu yetişdirib və bu mövsümün əvvəlində “Bayer Leverkuzen”dən icarəyə gəlmiş Piero Hinkapiyenin də inkişafında böyük rol oynayıb.
Kintero qardaşlarının transferi uğrunda mübarizədə “Arsenal” Avropanın top klublarını qabaqlayıb.
ESPN bildirir ki, “topçular” Edvin və Holgeri bir ildən çoxdur ki, izləyirmiş. Edvin Kintero sürətli sağ cinah oyunçusu kimi diqqət çəkir və gənc Neymarla müqayisə olunur. Holger isə hücumameylli yarımmüdafiəçi kimi dəyərləndirilir.
Klub daxilində bu transfer akademiya üçün böyük uğur kimi qiymətləndirilir.
“Arsenal” akademiyasının növbəti nəsil üçün qurduğu planlar sürətlə davam edir və Kintero qardaşlarının 2027-ci ildə London klubuna yeni nəfəs gətirməsi gözlənilir.
© Copyright 2025, All Rights Reserved