"Arsenal" Federasiya Kubokunda növbəti turda
İngiltərə Kubokunda (FA Cup) “Arsenal” səfərdə “Mansfild Taun”u 2:1 hesabı ilə məğlub edərək turnirin 1/4 final mərhələsinə vəsiqə qazanıb. London klubunun qollarını Noni Madueke və Ebereçi Eze vurublar.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasında lider olan və bu mövsüm mübarizə apardığı bütün turnirlərdə yoluna davam edən “Arsenal” FA Kubokunda da səhvə yol verməyib.
Mikel Artetanın komandası 5-ci mərhələdə İngiltərə Liqa One (3-cü liqa) təmsilçisi “Mansfild Taun”u iki qolla məğlub edərək növbəti mərhələyə yüksəlib.
Görüşün ilk hissəsinin böyük hissəsi qolsuz keçsə də, “Arsenal” 41-ci dəqiqədə Noni Maduekenin qolu ilə hesabı açıb və fasiləyə 1:0 üstün yollanıb. Qarşılaşmanın 50-ci dəqiqəsində meydan sahiblərinin heyətində Uill Evans hesabı bərabərləşdirib.
Oyuna sonradan daxil olan Ebereçi Eze isə 66-cı dəqiqədə fərqlənərək komandasını yenidən önə keçirib və matçın yekun hesabını müəyyənləşdirib. Mövsümün əvvəlində “Kristal Pelas”dan transfer edilən Eze FA Kubokunda ilk qolunu vurub və bu mövsüm ümumilikdə 8-ci dəfə rəqib qapısına yol tapıb.
Matçda vurulan qolların videolarına bu cümləyə klik edərək keçid edin
“Arsenal” 2020-ci ildən sonra ilk dəfə FA Kubokunda 1/4 finala yüksəlib. Şimali London klubunda akademiyadan yetişən 16 yaşlı Marli Salmon isə bu turnirdə meydana çıxan klub tarixinin ən gənc futbolçusu kimi tarixə düşüb. Komandanın digər 16 yaşlı oyunçusu Maks Dauman da “Mansfild Taun”la oyunda sonradan meydana daxil olub.
“Arsenal” Çempionlar Liqasında qrup mərhələsini 8 oyunda 8 qələbə ilə başa vuraraq 1/8 finala yüksəlib. London təmsilçisi İngiltərə Liqa Kubokunun finalında “Mançester Siti” ilə qarşılaşacaq. Çempionlar Liqasının 1/4 finalına vəsiqə uğrunda isə “Bayer Leverkuzen”lə üz-üzə gələcək.
Premyer Liqada “Arsenal” ən yaxın izləyicisi “Mançester Siti”ni bir oyun artıq keçirməsinə baxmayaraq 7 xal qabaqlayaraq turnir cədvəlinin zirvəsində qərarlaşıb.