“Arsenal” İngiltərə Premyer Liqasının çempionudur
“Arsenal” 22 ildən sonra İngiltərə çempionu oldu!
90plus.az xəbər verir ki, "Arsenal" 2025/26 mövsümünün sonunda İngiltərə Premyer Liqasının çempionu olub. London təmsilçisi bu uğuru “Mançester Siti”nin səfərdə "Bornmut" ilə 1:1 hesablı heç-heçə etməsindən sonra rəsmiləşdirib.
İndicə yekunlaşan oyunda xal itkisi yaşayan "Mançester Siti" son tur öncəsi lider “Arsenal”dan 4 xal geri düşüb. Bununla da Mikel Artetanın komandası vaxtından əvvəl çempionluğu təmin edib:
Bornmut 1 - 1 Man Siti
Kroupi 38’
E. Haaland 90+5’
İngiltərə Premyer Liqası, 37-ci tur
“Topçular” bununla klub tarixində 14-cü İngiltərə çempionluğunu qazanıb. Komanda sonuncu dəfə 2003/04 mövsümündə, Arsen Vengerin rəhbərliyi altında Premyer Liqanın qalibi olmuşdu.
Bu çempionluq həm də baş məşqçi Mikel Arteta üçün tarixi nailiyyətlə yadda qalıb. İspan mütəxəssis 44 yaş 54 günlüyündə son 20 ilin ən gənc Premyer Liqa qalibi olan baş məşqçisi adına sahib çıxıb.
Bu göstəricidə yalnız keçmiş "Çelsi" çalışdırıcısı Joze Mourinyo Artetadan daha gənc yaşda çempionluq yaşamışdı. Mourinyo 2004/05 mövsümündə 42 yaş 94 günlüyündə, 2005/06 mövsümündə isə 43 yaş 93 günlüyündə Premyer Liqanı qazanmışdı.
Artetanın rəhbərliyi altında əldə olunan bu uğur “Arsenal”ın son illərdəki yüksəlişinin ən böyük nəticəsi hesab olunur. Mövsümü ikinci pillədə başa vurmağa yaxın olan “Mançester Siti”də isə bu ilin Pep Qvardiola üçün klubdakı son mövsüm ola biləcəyi bildirilir.
© Copyright 2026, All Rights Reserved