“Arsenal” Kristian Moskeranı açıqladı

“Arsenal” Kristian Moskera transferini rəsmi olaraq təsdiqləyib.
90plus.az xəbər verir ki, London təmsilçisi “Valensiya”dan Kristian Moskera ilə müqavilə imzaladığını rəsmən açıqlayıb. 21 yaşlı mərkəz müdafiəçisi üçün “Arsenal”ın 15 milyon avro əsas məbləğ və əlavə bonuslarla birlikdə cəmi 20 milyon avrodan az bir paket ödədiyi bildirilir. Gənc müdafiəçi “topçular”la uzunmüddətli müqaviləyə imza atıb.
Yeni transferi barədə danışan Moskera bu keçidin onun üçün qürurverici olduğunu və bu fürsəti əldən buraxa bilməyəcəyini deyib:
“Bu transfer mənim üçün çox şey ifadə edir. Bu nöqtəyə çatmaq üçün böyük zəhmət çəkmişəm. Belə bir fürsət yarandı və onu qaçırmaq olmazdı. Tarixi, möhtəşəm bir kluba gəlirəm. Ailəm ilə bura gələndə bu klubun böyüklüyünü dərindən hiss edirsən.”
Moskera son mövsümdə Avropanın “TOP 5” liqaları üzrə ən çox oynayan U-21 futbolçusu olub. O, həmçinin 2024 Paris Yay Olimpiya Oyunlarında qızıl medal qazanan İspaniya yığmasının heyətində yer alıb.
“Düzdür, karyeram gözlədiyimdən daha sürətlə inkişaf etdi və tez yetkinləşmək məcburiyyətində qaldım. “Arsenal”a gəlmək mənə daha çox öyrənmək və inkişaf etmək imkanı verəcək. Burada yüksək səviyyəli oyunçular və peşəkar məşqçi heyəti var. Mən çox enerjili futbolçuyam, hələ verəcəyim çox şey var. Tam motivasiyalıyam və əsas hədəfim daim irəliləməkdir. Rəqabət yaratmaq istəyirəm, bu məni daha da yaxşılaşdıracaq.”
Kristian Moskera “Arsenal”da 3 nömrəli forma ilə çıxış edəcək və komandanın kişi heyəti ilə birlikdə Asiya təlim-məşq toplanışına qoşulacaq. O, “Valensiya”nın akademiyasına 12 yaşında qoşulub və 17 yaşında ilk dəfə Kral Kubokunda əsas heyətdə debüt edib. Ardınca La Liqada “Sevilya” ilə heç-heçə ilə başa çatan qarşılaşmada start heyətində yer alıb. 2023/24 mövsümündə “Valensiya”nın heyətində 38 liqa oyunundan 37-sinə start heyətində çıxıb və hamısında tam 90 dəqiqə oynayıb. Ümumilikdə isə klubun əsas komandasında 90 rəsmi oyuna çıxıb.
İspaniyada anadan olan, lakin Kolumbiya millisində də oynamaq hüququ olan Moskera İspaniyanın U-15-dən U-21-ə qədər bütün yaş qruplarında 34 oyun keçirib.
Mikel Arteta: “Moskera bizim üçün əla əlavədir”
“Arsenal”ın baş məşqçisi Mikel Arteta transferlə bağlı fikirlərini bölüşüb:
“Kristianın komandamıza qoşulmasından çox məmnunuq. 21 yaşında olmasına baxmayaraq, o, La Liqada sabit və təcrübəli çıxışı ilə seçilib. Zəkalı, sürətli və istər mərkəzdə, istərsə də cinahlarda oynamağı bacaran futbolçudur. Onun böyük potensialı var və komandamızın qurulmasında vacib rol oynayacaq. O, heyətimizə keyfiyyət qatacaq. Onunla işləməyi və klubda özünü evindəki kimi hiss etməsini səbirsizliklə gözləyirik. Kristhiana və ailəsinə klubumuza xoş gəldin deyirik.”