"Arsenal" tarixin ən bahalı futbolçusunu aldı

90plus.az xəbər verir ki, qadın futbolunda tarixə düşəcək bir transfer gerçəkləşib. İngiltərə Premyer Liqasının təmsilçisi "Arsenal" "Liverpul" klubunda çıxış edən 20 yaşlı kanadalı hücumçu Olivia Smiti 1 milyon funt sterlin qarşılığında transfer edib. Bu məbləğ qadın futbolu tarixində indiyədək ödənmiş ən yüksək transfer haqqı kimi qeydə alınıb.
İngiltərə mətbuatının məlumatına görə, "Arsenal" gənc hücumçu ilə 4 illik müqavilə imzalayıb. Son dövrlərdəki çıxışı ilə diqqət çəkən Smit bu rekord transferlə adını futbol tarixinə yazdırıb.
Olivia Smit peşəkar karyerasına 2023-cü ildə başlayıb. Həmin ilin əvvəlində Portuqaliyanın "Sportinq" klubundan "Liverpul"a 200 min funt sterlin qarşılığında transfer olunan gənc futbolçu geridə qalan mövsümdə 29 oyunda 9 qol vuraraq Avropanın aparıcı klublarının diqqətini cəlb edib.
Cəmi 15 yaşında olarkən Kanada millisində debüt edən Smit bu günə qədər milli formada 18 oyuna çıxıb və 4 qola imza atıb. 20 yaşlı hücumçu həm klub, həm də milli səviyyədə göstərdiyi uğurlu performansla karyerasını sürətlə inkişaf etdirir.
Olivia Smitin bu transferi qadın futbolunda bonservis rekordu da dəyişdirdi. Əvvəlki rekord 2024-cü ilin yanvar ayında "Çelsi" klubunun "San Dieqo Veyv"dən 900 min funt sterlinə transfer etdiyi amerikalı müdafiəçi Naomi Girma’ya məxsus idi.
© Copyright 2025, All Rights Reserved