"Arsenal"da dünən 15 yaşlı futbolçu tarixə düşdü

İngiltərə Premyer Liqasının ikinci turunda "Arsenal" doğma meydanda "Lids Yunayted"i darmadağın edib – 5:0.
90plus.az xəbər verir ki, bu nəticə ilə mövsümə iki qalibiyyətlə başlayan "Arsenal"da yeni transferlərdən olan Viktor Gyökeres dubl edərək komandasının qələbəsində əsas rollardan birini oynayıb.
Oyunun 64-cü dəqiqəsində meydana daxil olan 15 yaşlı Maks Douman "Arsenal" tarixində forma geyinən ikinci ən gənc futbolçu oldu. O, Noni Maduekeni əvəz edərək Premyer Liqada debüt etdi. Klub tarixində bu göstəricidə liderlik isə hələlik İtan Nvaneriyə məxsusdur.
Qarşılaşmadan əvvəl "Arsenal" yeni transferi Ebereçi Ezeni ictimaiyyətə təqdim edib. Klubun sosial media hesablarında yayılan məlumatda Ezenin 5 illik müqaviləyə imza atdığı bildirilib. O, matç öncəsi meydana çıxaraq azarkeşləri salamlayıb.
Bu qələbədən sonra "Arsenal" xallarını 6-ya yüksəldib. "Lids Yunayted" isə ilk məğlubiyyətini alaraq 3 xalda qalıb.
Növbəti turda "Arsenal" səfərdə "Liverpul"la qarşılaşacaq, "Lids Yunayted" isə evdə "Nyukasl Yunayted"i qəbul edəcək.
© Copyright 2025, All Rights Reserved