"Arsenal"dan Sakaya sərvətdolu müqavilə
İngiltərə Premyer Liqasında turnir cədvəlinə başçılıq edən və bu mövsüm bütün yarışlarda çempionluq uğrunda mübarizə aparan "Arsenal" heyətini qorumaq istiqamətində vacib addım atır.
90plus.az xəbər verir ki, London təmsilçisi daxili transfer çərçivəsində Bukayo Saka ilə müqaviləni uzatmağa hazırlaşır.
BBC-nin yaydığı məlumata görə, tərəflər 5 illik yeni sözləşmə ilə bağlı bütün şərtlərdə razılıq əldə edib. Hazırkı müqaviləsi 2027-ci ildə başa çatacaq Saka yeni kontraktla həftəlik 300 min funt-sterlinq qazanacaq. Bununla da ingilis futbolçu komandanın ən çox qazanan oyunçusu olacaq.
"Arsenal" daha əvvəl də daxili transfer siyasəti çərçivəsində bir neçə aparıcı futbolçunun müqaviləsini yeniləyib. Şimali London klubu heyətdə sabitliyi qorumağı əsas prioritetlərdən biri hesab edir.
Klubun akademiyasından yetişən Bukayo Saka bu mövsüm 33 oyunda meydana çıxıb, 7 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Gənc ulduzun uzunmüddətli müqavilə imzalaması "Arsenal"ın gələcək planları baxımından mühüm addım sayılır.
© Copyright 2026, All Rights Reserved