"Arsenal"ın gənc futbolçusu "Marsel"ə keçdi
“Arsenal” klubu 18 yaşlı hücumameyilli yarımmüdafiəçi Ethan Nvanerinin 2025–26 mövsümünün sonunadək “Olimpik Marsel” klubuna icarə əsasında keçdiyini rəsmən açıqlayıb.
90plus.az xəbər verir ki, “Heyl End” akademiyasının yetirməsi olan Nvaneri Fransanın Liqa 1 çempionatında müntəzəm oyun təcrübəsi qazanacaq. Gənc futbolçu 2022-ci ilin sentyabrında “Brentford”a qarşı matçda cəmi 15 yaş 181 günlük olarkən Premyer Liqada debüt edərək turnir tarixinin ən gənc oyunçusu olub.
Ethan Nvaneri bu mövsüm “Arsenal”ın heyətində 12 oyunda meydana çıxıb. O, ötən mövsüm əsas komandada ciddi irəliləyiş göstərərək bütün turnirlərdə 37 matçda (16-sı start heyətdə olmaqla) iştirak edib. Bunlara Premyer Liqada 26 oyun və UEFA Çempionlar Liqasında 7 qarşılaşma daxildir.
Gənc yarımmüdafiəçi 2024-cü ilin martında 17 yaşı tamam olduqdan sonra ilk peşəkar müqaviləsini imzalayıb, bu ilin avqustunda isə klubla yeni uzunmüddətli sözləşməyə qol çəkib.
© Copyright 2026, All Rights Reserved