Arteta: "Bayern"lə oyun bizim üçün əla sınaq olacaq"
“Arsenal”ın baş məşqçisi Mikel Arteta UEFA Çempionlar Liqasının 5-ci turunda Almaniyanın “Bayern Münhen” klubu ilə keçiriləcək qarşılaşma öncəsi danışıb və komandasının hazırkı mövqeyinin güclü olduğunu bildirib.
90plus.az xəbər verir ki, İspan mütəxəssis qarşılaşmadan əvvəl klubun bazasında təşkil olunan mətbuat konfransında komandaya inamını belə ifadə edib:
Derbidə “Tottenhem Hotspur” üzərində 4:1 hesablı qələbənin yaratdığı enerjini Almaniyadakı oyuna da daşımalı olduqlarını deyən Arteta bildirib:
“Ən güclü komandalar qarşısında da eyni dominantlıq, aqressivlik və məhsuldarlıqla oynayacağıq. Qarşılaşmaya çox yaxşı hazırlaşmışıq. Oyunun əhəmiyyətini anlayırıq. Güclü mövqedəyik və bunu qorumaq istəyirik. Qarşımızda çox çətin, amma bir o qədər də gözəl bir oyun var.”
Mikel Arteta “Bayern Münhen”də çıxış edən Harri Keyn və Maykl Olis ilə üz-üzə gəlməyin çətinliyi barədə verilən suala isə belə cavab verib:
“Biz həm Premyer Liqada, həm də Çempionlar Liqasında sabit çıxış edirik, onlar da elə. Bu oyun bizim harada olduğumuzu görmək üçün əla bir sınaq olacaq.”
Təcrübəli çalışdırıcı, “Bayern Münhen”in baş məşqçisi Vensan Kompani ilə bağlı sualı da cavablandırıb:
“Onun nə edəcəyindən asılı olmayaraq mükəmməl olacağına inanırdım. İşlərinin belə yaxşı getməsinə çox sevinirəm. Çox ağıllıdır, futbola bağlıdır və döyüşçü xarakterə malikdir. Nə etsə də uğurlu olacağını bilirdim. Buna görə heç təəccüblənmirəm.”
Arteta və komandası həlledici matç öncəsi tam fokuslanmış şəkildə Almaniya səfərinə hazırlaşır.
© Copyright 2026, All Rights Reserved