Arteta: “İstəyirik, iki kubokla parad keçirək”
"Arsenal"ın baş məşqçisi Mikel Arteta İraolaya zəng edib: "Mesaj yazmadım, zəng etdim".
90plus.az xəbər verir ki, Mikel Arteta “Bornmut”un “Mançester Siti” ilə 1:1 heç-heçə etməsindən sonra baş məşqçi Andoni İraola ilə əlaqə saxladığını açıqlayıb. Bu nəticə ilə “Arsenal” Premyer Liqa çempionluğunu rəsmiləşdirib.
Arteta bildirib ki, o, İraolanı gördüyü işə görə təbrik edib: “Ona mesaj yazmadım, zəng etdim. Dünən onu ilk olaraq ‘Bornmut’dakı inanılmaz işinə görə təbrik etdim. Ona dedim ki, demək olar Premyer Liqanı bizdən alırdı, amma sonda bizə çempionluğu qazandırdı”.
“Arsenal”ın baş məşqçisi həmçinin komandanın son durumu barədə də məlumat verib. Onun sözlərinə görə, Mikel Merino sabahdan etibarən komanda ilə məşqlərə qoşulacaq, Jüriyen Timber isə bir neçə gün sonra məşqlərə başlaya bilər. Gənc futbolçu Maks Dauman isə imtahanlar səbəbindən məşqlərdə iştirak etməyib.
Arteta artıq mövsümün son oyununa və qarşıdakı hədəflərə fokuslandıqlarını da vurğulayıb. O bildirib ki, komanda çempionluqdan sonra qısa müddət sevinc yaşayacaq, daha sonra isə həm Premyer Liqa kubokunun təqdimatına, həm də gələcək uğurlara hazırlaşacaq.
“Bir az vaxtımız olacaq kuboku azarkeşlərlə birlikdə qeyd etmək üçün, daha sonra isə yeni tarix yazmaq üçün hazırlaşacağıq”, – deyə Arteta qeyd edib.
“Biz istəyirik ki, iki kubokla parad keçirək.”
Qeyd: İndi "Arsenal"ı mayın 30-da PSJ ilə Çempionlar Liqasının kuboku uğrunda görüş gözləyir
© Copyright 2026, All Rights Reserved