"Atletiko" Dieqo Simeone sevgisi sonlanır - Bu kluba keçir
90plus.az xəbər verir ki, İspan futbolunun ən uzunmüddətli əməkdaşlıqlarından biri sona yaxınlaşır. "Çolo" ləqəbli argentinalı mütəxəssis Dieqo Simeone ilə "Atletiko Madrid"in yolları ayrılmaq üzrədir.
İspaniyanın məşhur “El Chiringuito” proqramının yaydığı məlumata görə, Simeone gələn mövsümdən etibarən A Seriyası nəhəngi "İnter"in baş məşqçisi olmaq üçün İtaliya klubu ilə bütün məsələlərdə razılığa gəlib.
2011-ci ildən "Atletiko Madrid"ə rəhbərlik edən Simeone klubun tarixində yeni mərhələnin əsas memarı sayılır. Onun rəhbərliyi altında Madrid təmsilçisi həm İspaniyada, həm də Avropada nəhəng klublara rəqibə çevrilib.
Hazırda dünyanın ən çox qazanan baş məşqçiləri sırasında zirvədə qərarlaşan təcrübəli mütəxəssisin Madrid klubunda aylıq təxminən 3 milyon avro, illik isə 40 milyon avroya yaxın məvacib aldığı bildirilir. Onun "İnter"lə imzalayacağı müqavilənin maliyyə detalları isə hələ açıqlanmayıb.
Simeonenin "İnter"ə dönüşü futbol ictimaiyyəti üçün sürpriz hesab olunmur. O, 1997–1999-cu illərdə futbolçu kimi də "İnter"in formasını geyinib və azarkeşlərin sevimlisinə çevrilib.
Argentinalı mütəxəssis 2016-cı ildə verdiyi açıqlamada bir gün yenidən "İnter"ə qayıtmaq istədiyini bildirmişdi. Görünən odur ki, illər öncə qurulan plan artıq reallığa çevrilmək üzrədir.
© Copyright 2026, All Rights Reserved