“Auqusburq”dan hər futbolçuya bir İ-Pad

"Auqsburq"da texnologiya və sürprizlər: Sandro Vaqner iPad, dron və 100 min avroluq nəhəng ekranla inqilaba başlayır.
90plus.az xəbər verir ki, yeni mövsümə start verilərkən “Auqsburq” futbolçuları sürprizlə qarşılaşıblar: hər birinin şkafında iPad yerləşdirilib.
SPORT BILD nəşrinin məlumatına görə, bu, baş məşqçi təyin olunan Sandro Vaqnerin ideyasıdır. O, komandanın hazırlığında müasir yanaşma tətbiq etmək istəyir.
iPad-lərin paylanmasında məqsəd məşq və oyun analizlərinin keyfiyyətini artırmaqdır. Futbolçular bu qurğular vasitəsilə istədikləri vaxt məşq görüntülərinə və rəsmi matçların videolarına baxa bilir, öz performanslarını daha dərindən analiz edib səhvlərini düzəltmək imkanı qazanırlar.
Vaqnerin təşəbbüsü ilə klub məşq prosesində bir sıra texnoloji yeniliklərə də investisiya edib. Artıq məşqlər havadan – dronla, həmçinin meydançaya quraşdırılmış yüksək texnologiyalı kamera sistemi ilə çəkilir. Bundan əlavə, real vaxtda görüntülərin izləndiyi 100 min avro dəyərində nəhəng ekran da quraşdırılıb.
Dəyişikliklər təkcə meydanda deyil, məşqçilər otağında da baş verib. Vaqnerin kabinetində 4500 avro dəyərində premium kofe aparatı da quraşdırılıb. Bu alış klubun idarəedici direktoru Mixael Ştröll tərəfindən təsdiqlənib və texniki heyətin rifahı üçün kiçik, amma vacib detal kimi qiymətləndirilib.
Sandro Vaqner bu addımlarla “Auqsburq”un səviyyəsini yüksəltməkdə qərarlı olduğunu göstərir. Müasir texnologiya və infrastruktur təkmilləşdirmələri ilə məşqlərin keyfiyyətini artırmaq, futbolçuların performansını maksimuma çatdırmaq və komanda ruhunu gücləndirmək əsas hədəfdir.
© Copyright 2025, All Rights Reserved