Avropa klublarının bəlası - "Bodo/Qlimt" - ARAŞDIRMA
90plus.az xəbər verir ki, Norveç təmsilçisi "Bodo/Qlimt" UEFA Çempionlar Liqasında möhtəşəm çıxışı ilə dünya futbol ictimaiyyətinin diqqət mərkəzinə düşüb. Son 3 ilin 2-də final oynayan "İnter"i son 16 pley-off mərhələsində hər iki oyunda məğlub edən Norveç klubu adını 1/8 finala yazdırıb.
Liqa mərhələsinin son iki turunda "Mançester Siti" və "Atletiko Madrid" üzərində sensasiyalı qələbələr qazanan "Bodo/Qlimt", pley-offda da "İnter" səddini aşaraq nağılını davam etdirib. Komanda ilk oyunda rəqibini doğma meydanda 3:1 hesabı ilə məğlub edib, cavab görüşündə isə İtaliyada 2:1 qalib gələrək tarixi uğura imza atıb.
Norveç təmsilçisi son 16 mərhələsində ya "Mançester Siti", ya da "Sportinq"lə qarşılaşacaq.
"Bodo/Qlimt" son illərdə avrokuboklarda qazandığı uğurlarla UEFA klub reytinqində də ciddi sıçrayış edib. Klub son 5 ildə tam 230 pillə irəliləyərək 264-cü yerdən 34-cü pilləyə yüksəlib. Bu, Norveç futbolu üçün də tarixi göstərici hesab olunur.
Komandanın son illərdə Avropadakı nəticələri:
2021/22 – Konfrans Liqası, 1/4 final
2022/23 – Konfrans Liqası, son 16 pley-off
2023/24 – Konfrans Liqası, son 16 pley-off
2024/25 – Avropa Liqası, yarımfinal
2025/26 – Çempionlar Liqası, son 16
Maraqlı məqamlardan biri də "Bodo/Qlimt"in "İnter"i mübarizədən kənarlaşdırdığı oyundakı start heyətinin ümumi dəyəridir. Norveç klubunun ilk 11-nin transfer dəyəri cəmi 13,2 milyon avro olub.
Heyətdə yer alan futbolçular:
Nikita Haykin (0 avro)
Fredrik Şövold (0 avro)
Odin Byörtüft (1 milyon avro)
Yosteyn Gundersen (0 avro)
Fredrik Byorkan (0 avro)
Patrik Berq (4 milyon avro)
Sondre Brunstad Fet (0 avro)
Hakon Evyen (2,5 milyon avro)
Yens Petter Hauqe (4 milyon avro)
Ole Didrik Blomberq (1 milyon avro)
Kasper Höyq (700 min avro)
Beləliklə, nisbətən aşağı büdcəli heyətlə Avropa nəhənglərini mübarizədən kənarlaşdıran "Bodo/Qlimt" Çempionlar Liqasının əsas sensasiyasına çevrilib.