Avropanın 2 liqasında liderlər dəyişdi
Avropanın 2 aparıcı futbol ölkəsi – İspaniya (La Liga), Fransa (Ligue 1) çempionatlarında həftəsonu turun oyunları keçirilib.
90plus.az xəbər verir ki, İspaniyada və Fransada lider dəyişib. "Barselona" və PSJ yenidən turnir cədvəlinin zirvəsinə yüksəlib. İngiltərədə "Arsenal", İtaliyada "İnter", Almaniyada isə "Bayern Münhen" liderliyini qoruyub.
Tura lider başlayan "Real Madrid" səfərdə "Osasuna"ya 1:2 hesabı ilə uduzub. Meydan sahiblərinin heyətində Ante Budimir (penalti, 38-ci dəqiqə) və Raul Qarsiya (90) fərqlənib.
Türkiyəli futbolçu Arda Gülərin 82 dəqiqə forma geyindiyi qarşılaşmada madridlilərin yeganə qolunu Vinisius Junior vurub. Bu nəticədən sonra "Real Madrid" liderliyi "Barselona"ya təhvil verib.
"Barselona" isə öz meydanında "Levante"ni 3:0 hesabı ilə məğlub edib. Qolları Mark Bernal, Frenki de Yonq və Fermin Lopes vurublar.
Son 3 turda qələbə qazana bilməyən "Atletiko Madrid" doğma azarkeşlər önündə "Espanyol"u 4:2 hesabı ilə üstələyib. "Vilyarreal" isə "Valensiya"nı 2:1 hesabı ilə məğlub edib.
Hazırda 61 xalı olan "Barselona" yenidən liderdir. "Real Madrid" 60 xalla ikinci, "Vilyarreal" 51 xalla üçüncü, "Atletiko Madrid" isə 48 xalla dördüncü pillədə qərarlaşıb.
Ötən həftə liderliyə yüksələn "Lans" 23-cü turda öz meydanında "Monako"ya 2:3 hesabı ilə uduzub. Odsonn Eduar və Florian Tovenin qolları ilə 2:0 önə keçən ev sahibləri qısa müddətdə üstünlüyü əldən veriblər. Qonaqların heyətində Folarin Baloqun, Denis Zakariya və Ansu Fati fərqləniblər.
PSJ isə "Mets"i 3:0 hesabı ilə məğlub edib. Qolları Dezire Due, Bredli Barkola və Qonçalo Ramos vurublar.
"Olimpik Lion" səfərdə "Strasburq"a 1:3 hesabı ilə uduzub. Qapısını Berke Özerin qoruduğu "Lill" isə "Anje" üzərində 1:0 hesablı qələbə qazanıb.
23 turdan sonra PSJ 54 xalla liderdir. "Lans" 52 xalla ikinci, "Olimpik Lion" isə 45 xalla üçüncü pillədə yer alır.