“Ayaks”ın məşqçisi “Qarabağ”la vacib oyundan danışdı
“Ayaks”ın məşqçisi: “Qarabağ çox güclü komandadır”.
90plus.az xəbər verir ki, “Qarabağ” – “Ayaks” qarşılaşması öncəsi Bakıda keçirilən mətbuat konfransında Niderland təmsilçisinin baş məşqçi səlahiyyətlərini icra edən Fred Qrim rəqib barədə yüksək fikirlər səsləndirib. Təcrübəli mütəxəssis Ağdam klubunu yaxından izlədiyini və onların oyun keyfiyyətinə xüsusi qiymət verdiyini bildirib.
Qrim komandasının hazırkı durumu və Bakı səfəri haqqında danışarkən bunları qeyd edib:
“Buraya gələn andan etibarən hər kəs bizə böyük dəstək olur. Bu, bizə ümid verir. Azarkeşlərimizin də komandamızla birlikdə Bakıya gəlməsindən məmnunuq. ‘Qarabağ’ı diqqətlə izlədim, onlar çox yaxşı komandadır. Oyunçuları texniki cəhətdən güclüdür. Sabahkı matç bizim üçün çox vacibdir”.
Niderlandlı mütəxəssis futbolçularına inandığını da vurğulayıb:
“Bu qarşılaşmanı səbirsizliklə gözləyirik. Oyunçuların hazırkı forması nəzərə alınacaq və hər kəsə şans verməyə çalışacağıq. Məqsədimiz inkişaf etmək və qrupdakı gedişatı dəyişməkdir”.
Qrim komandasının Çempionlar Liqasındakı əvvəlki nəticələrinə də toxunaraq, vəziyyətin asan olmadığını etiraf edib:
“Turnirdə xal toplamaq çətindir. Lakin hədəfimiz növbəti mərhələyə yüksəlməkdir. Bunun üçün sabah mütləq nəticə əldə etməliyik”.
"Futbolçular üçün ciddi oyundur. Yol yorğunluğu var. Amma futbolçularıma inanıram. Komanda olaraq enerjimiz kifayət qədərdir. Onlar hamısı aktiv şəkildə oynamaq istəyirlər. Oyunçularım sabahkı matçı səbirsizliklə gözləyirlər".
“Hər oyuna ayrı baxmaq istəyirik. Sabah qələbə üçün oynayacağıq. Çünki o məşhur sıfır artıq çox müzakirə olunub. Ondan qurtulmaq istəyirik. “Ajaks” olaraq biz oyunları qazanmaq istəyirik. “Qarabağ”ın yeddi xal topladığını bilirik, amma biz o sıfırdan çıxmaq istəyirik”.
Komandanın aparıcı hücumçularından olan Vut Veqhorstun sabahkı matçı buraxmasına toxunan mütəxəssis bildirib: "Biz Vut haqda dəfələrlə danışmışıq. Zədəsi çox ciddidir. Qış fasiləsindən öncə belə olması üzücüdür. Amma indi biz Kasper Dolberq haqda düşünürük. O da çox oynayıb. Heç bir problem yoxdur. Bütün oyunçuları kfayət qədər nəzərə almışıq. Müəyyən işlər görürük. Hər futbolçunun neçə dəqiqə oynaya biləcəyi haqda danışırıq. "Ayaks"ın inkişafını düşünürük".
"Qarabağ"dan qorxursunuzmu?” sualına isə Qrim qətiyyətlə cavab verib: “Qorxmuruq. Cədvəlin sonunda sıfır xalla dayansaq da, bu oyundan istifadə edib vəziyyətdən çıxmaq istəyirik. Amma qorxu yoxdur”.
Qeyd: “Qarabağ” – “Ayaks” matçı dekabrın 10-da saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.