Ayxan Abbadov 0:3 məğlubiyyətdən danışdı

Ayxan Abbasov: “Mbappenin qolu ustalığın zirvəsi idi, amma futbolçularım maksimumu etdilər”.
90plus.az xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə səfər oyunundan (0:3) sonra mətbuat konfransında çıxış edib. O, həm oyunun gedişi, həm də futbolçuların çıxışı barədə fikirlərini bölüşüb. 🇦🇿⚽️
Abbasov matçın əvvəlindən sonuna qədər gərgin keçdiyini bildirib:
“Oyunun çətin keçəcəyini dünəndən bilirdik. Fransa çox ciddi hazırlaşmışdı, üstəlik, azarkeş dəstəyi də var idi. İlk dəqiqələrdən pressinq etdilər. Birinci hissənin son dəqiqəsində qol buraxdıq. Dözə bilsəydik, bəlkə ikinci hissə daha da çətin keçəcəkdi. Fransa oyunçularının ustalığı çox yüksək idi. Komandamın əzmkarlığından razı qaldım. Bu da mənim üçün vacibdir. Belə rəqiblərlə oyunlar təcrübə qazanmaq baxımından önəmlidir.”
Baş məşqçi hücumçu Mahir Emrelinin çıxışını da dəyərləndirib:
“Mahir mənim fikrimcə son vaxtların ən yaxşı oyunlarından birini keçirdi. Əzmkar idi, çox çalışdı. Sadəcə, rəqib ona imkan vermirdi. Tək qalanda çətinlik çəkirdi, amma komanda üçün maksimumunu etdi.”
Fiziki və psixoloji yorğunluq məsələsinə də toxunan Abbasov bildirib ki, qarşıdakı Ukrayna oyunu üçün heyətdə dəyişikliklər ola bilər:
“Fiziki baxımdan çətinlik olacaq, amma heyətimiz genişdir. Bərpa prosesi üçün vaxtımız var. Rotasiya mümkündür. İkinci qolda diqqətli ola bilərdik, belə səhvlərdən nəticə çıxaracağıq.”
Fransanın birinci qolunu isə o, xüsusi ustalıq nümunəsi adlandırıb:
“45+2-də buraxdığımız qolu ancaq Mbappe vura bilərdi. Topu uzaq küncə göndərdi — bu, ustalığın göstəricisidir. Futbolçularım maksimum çalışdı, amma bu cür oyunçuların qarşısını almaq çox çətindir.”
Abbasov həmçinin gənc yarımmüdafiəçi Abdulla Xaybullayevin çıxışını da yüksək qiymətləndirib:
“Məncə, bu gün ən yaxşılardan biri idi. Yavaş-yavaş əsas heyətdə yerini möhkəmləndirir. Əzmkarlığı və istəyi məni sevindirir.”
Sonda baş məşqçi milli komandanın gələcək planlarından danışıb:
“Əvvəlki dövrlərlə müqayisə aparmaq istəmirəm, amma sistem vacibdir. Əgər millimizin səviyyəsini qaldırmaq istəyiriksə, bütün yığmalarda eyni futbol fəlsəfəsi olmalıdır. Bunun üzərində rəhbərliklə danışırıq. Bu komandanın potensialına inanıram və yaxın səviyyəli rəqiblərlə başabaş oynaya biləcəyik.”