Ayxan Abbasov: “Fransa ilə oyuna hazırıq”

Ayxan Abbasov: “Fransa ilə oyun motivasiya üçün böyük fürsətdir” 🇦🇿⚽🇫🇷
90plus.az xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi sabah güclü rəqib – Fransa ilə üz-üzə gələcək. Qarşılaşma öncəsi keçirilən mətbuat konfransında yığmamızın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb və oyunla bağlı fikirlərini bölüşüb.
Abbasovun sözlərinə görə, millimizi çox ciddi sınaq gözləyir:
“Rəqibimiz bəllidir – son illərin ən güclü yığmalarından biri ilə oynayacağıq. Onlarda dünya səviyyəli ulduzlar var, amma biz də bu matça ciddi hazırlaşmışıq. Belə komandalarla qarşılaşmaq özü böyük motivasiyadır. Futbolçularımın mübarizədən qaçmayacaqlarına inanıram – sabah meydanda bütün güclərini qoyacaqlar.”
Baş məşqçi komandanın psixoloji durumundan da razı qalıb:
“Futbolçular ilk gündən məşqlərə tam peşəkar yanaşırlar. Belə oyunlarda gərginlik normaldır, amma biz çalışırıq ki, bu, oyuna təsir etməsin. Bu gün bir az istirahət və gəzinti etdik, əhval-ruhiyyə yaxşıdır. İnanıram ki, uşaqlar stressi arxada qoyub, oyuna tam hazır olacaqlar.”
Kilian Mbappenin Olivye Jirunun rekordunu qırmaq istəyi ilə bağlı suala Abbasov belə cavab verib:
“Belə futbolçular rekordları qırmaq üçün həmişə əlavə motivasiyaya malik olurlar. Biz də rəqibi yaxşı təhlil etmişik. Mbappenin bu açıqlamaları futbolçularımız üçün əlavə ruhverici amil ola bilər. Amma biz real olmalıyıq – hələ o səviyyəyə çatmamışıq. Lakin bu cür oyunlarda təcrübə qazanmaq bizim üçün çox önəmlidir.”
“Möcüzə üçün nə etməliyik?” sualına isə baş məşqçi belə cavab verib:
“Futbolda hər zaman şans faktoru var. Bəzən planlar işləmir, amma inanıram ki, sabah bəxt bizdən yana olacaq. Əsas odur ki, futbolçular nə olursa-olsun, təslim olmasınlar.”
Heyətlə bağlı danışan Abbasov bildirib ki, komanda sabahkı matça tam hazırdır:
“Son oyundakı heyətə yaxın tərkiblə meydana çıxacağıq. Qarşıda iki oyun var və üçüncü gündən sonra daha çətin matç bizi gözləyir. Bəzi futbolçularımız ağır qrafiklə oynayır, bunu nəzərə alacağıq. Ən əsası, komandada sağlam rəqabət var və bu, məni çox sevindirir.”
Sonda Ayxan Abbasov şəxsi hisslərini də dilə gətirib:
“Bu, mənim üçün də unudulmaz təcrübədir. Dünya və Avropa çempionuna qarşı oynamaq, onları analiz etmək hər bir məşqçi üçün qiymətli dərsdir. Biz məşqçi heyəti ilə birlikdə bu oyuna maksimum hazırlıq görmüşük və sabah meydanda bunu göstərmək istəyirik.”