Ayxan Abbasov: “İlk 35 dəqiqə bizə ümid verdi”

Belarusla yoxlama oyunundan sonra Ayxan Abbasov: “İlk 35 dəqiqə bizə ümid verdi”.
90plus.az xəbər verir ki, Azərbaycanın U-21 milli komandası təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçında Belarus yığmasına 1:3 hesabı ilə uduzduqdan sonra komandaların baş məşqçiləri oyunu dəyərləndiriblər.
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov məğlubiyyətə baxmayaraq komandasının ilk 35 dəqiqədəki oyunundan razılığını ifadə edib:
“İlk 35 dəqiqədə hər şey alınırdı. Raul Məmmədovun zədələnməsindən sonra durum rəqibin xeyrinə dəyişdi. Səhvlərimiz çox oldu və bunlardan nəticə çıxaracağıq. Növbəti yoxlama oyununu evdə keçirəcəyik. Yaxşı nəticəyə ümid edirik. Rəqib komanda bizdən daha hazırlıqlı idi. Oyunçularımdan heç kimi fərqləndirmək istəmirəm. Ağır mövsümün yorğunluğu da təsir göstərdi. İlk 35 dəqiqə bizə ümid verdi. Bunu davam etdirməyə çalışacağıq. Ruhdan düşmürük”.
Belarus U-21 komandasının çalışdırıcısı Vitali Pavlov isə rəqibin keyfiyyətli oyun nümayiş etdirdiyini bildirib:
“Qələbə qazandığımız üçün sevinirik. Rəqib keyfiyyətli, texnikalı futbolçulardan ibarət komandadır. İlk hissədə də bunu göstərdi. Fasilədə oyunçularıma göstərişlərimi verdim və onlar da səhvlərdən nəticə çıxardılar. Bu yoxlama matçı idi və nəticə həmişə ikinci planda olur. Amma istənilən halda qalib gəlmək yaxşıdır”.
Qeyd: U-21 millimiz növbəti yoxlama oyununu iyunun 8-də Sumqayıtda Monteneqro yığmasına qarşı keçirəcək.
© Copyright 2025, All Rights Reserved