Ayxan Abbasov: "Klublarında oynamış oyunçuları çağırmışam"
Azərbaycan millisi “FIFA Series – 2026” beynəlxalq turnirində ilk oyununa hazırlaşır.
90plus.az xəbər verir ki, yığmamız martın 27-də Sent Lüsiya millisi ilə qarşılaşacaq. Oyundan əvvəl keçirilən mətbuat konfransında baş məşqçi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.
Mütəxəssis bildirib ki, bu toplanış Millətlər Liqasına hazırlıq baxımından böyük əhəmiyyət daşıyır:
“Bu il ilk toplanışımızdır. Millətlər Liqasına qədər iki toplanışımız olacaq və bundan maksimum istifadə etmək istəyirik. Sevindirici haldır ki, futbolçuların həm əhval-ruhiyyəsi, həm də forması yaxşıdır. Qısa vaxtda uyğunlaşma çox vacibdir”.
Ayxan Abbasov həmçinin əsas məqsədin C Liqasına yüksəlmək olduğunu vurğulayıb:
“Keçən il çox çətin qrupda oynadıq. İndi isə artıq nəticə qazanmaq istəyirik. Məqsədimiz D Liqasından C Liqasına yüksəlməkdir”.
Qapıçı seçimi ilə bağlı tənqidlərə də münasibət bildirən baş məşqçi, seçim imkanlarının məhdud olduğunu qeyd edib və gələcəkdə digər qapıçıların da milliyə dəvət oluna biləcəyini istisna etməyib.
Rəqiblər haqqında danışan mütəxəssis onların fərqli üsluba malik olduğunu deyib və eksperimental heyətin olmayacağını açıqlayıb:
“Bu turnirə hazırlaşırıqsa, iki gündən bir oynamağa hazır olmalıyıq. Dəvət olunanların hamısı əsas heyət üzvləridir”.
Sonda o, Azərbaycan futbolunda aşağı yaş qrupları ilə bağlı problemlərə də toxunub və inkişaf üçün klubların akademiyalarında işin gücləndirilməsinin vacibliyini vurğulayıb.
© Copyright 2026, All Rights Reserved