Ayxan Abbasov: "Sabah bizi maraqlı oyun gözləyir"
"Millidə qələbə qazanmaq hər bir baş məşqçinin arzusudur".
90plus.az xəbər verir ki, bu fikirlər “FIFA series” turniri çərçivəsində Syerre-Leona millisi ilə oyun öncəsi təşkil olunan mətbuat konfransında səsləndirilib.
Baş məşqçi jurnalistlərin suallarını cavablandırıb.
Yağışın meydançaya təsiri haqqında:
– Hava şəraiti və meydança ağır idi. Amma rəqib də eyni vəziyyətdə çıxış edirdi. Fiziki baxımdan çətin qarşılaşma oldu. Buna baxmayaraq, ilk hissədə Rəhman Daşdəmirov istisna olmaqla digər futbolçuları əvəzlədik. İkinci hissədə meydana daxil olanlar da yüksək temp göstərdi və ciddi fərq hiss olunmadı.
Byazinin Emini özü ilə mətbuat konfransına gətirməsi ilə bağlı suala cavab:
– Millidə çalışdığım müddətdə istəyirəm ki, bütün futbolçular bu məsuliyyəti hiss etsin. Jurnalistlər qarşısında çıxış etmək də bunun bir hissəsidir. Ona görə hər oyunda fərqli futbolçular seçirik. Bu, hər hansı inanc və ya ənənə ilə bağlı deyil.
Syerre-Leona millisi haqqında məlumat:
– Düşünürəm ki, millimiz ilk dəfə Afrika təmsilçisi ilə qarşılaşacaq. Tanımadığımız rəqiblərlə oynamaq futbolçular üçün də maraqlı təcrübədir. Rəqib reytinqdə bizdən öndə ola bilər və bu xalları təsadüfən qazanmayıblar. Heyətlərində Fransanın yüksək liqasında çıxış edən müdafiəçilər var, texnikalı və topa nəzarəti yaxşı olan komandadır. Maraqlı oyun gözlənilir.
Sent-Lüsiya ilə oyundakı heyətlə sabahkı heyəti müqayisəsi:
– Heyətdə müəyyən dəyişikliklər olacaq, buna ehtiyac var. Millidə əsas və ehtiyat heyət anlayışının formalaşmasını istəmirik. Hamı hər an oynamağa hazır olmalıdır. Klubdan fərqli olaraq, burada ən yaxşı futbolçular toplanır. Rəqibin xüsusiyyətlərinə uyğun qərar verəcəyik.
Litva və ya Lixtenşteyn oyunlarının analizində köməkçisinin rolu:
– Yay toplanışı zamanı rəqibləri daha yaxından izləməyi planlaşdırırıq. Həm köməkçilərimiz, həm də özümüz bu prosesi həyata keçirə bilərik. Hazırda da yoldaşlıq görüşlərini diqqətdə saxlayırıq. Lixtenşteyn Tanzaniyanı məğlub etdi, Litva isə Gürcüstanla qarşılaşdı. Rəqiblər kifayət qədər mübarizdir. Üstünlüyümüz böyük deyil, amma futbolçularımız yaxşı formada olsalar, qalib gəlmək istəyirik.
Bərabərlik ehtimalı:
– Bu turnirdə heç-heçə qeydə alınarsa, dərhal penaltilər seriyasına keçilir. Yəni mütləq qalib müəyyənləşməlidir. Turniri FİFA təşkil edir və rəqibləri biz seçmirik. Hər komandaya hörmətlə yanaşmaq lazımdır. Bizdən güclü komandalarla da oynamışıq və onların bizə münasibətini görmüşük. Eyni zamanda reytinqdə aşağı olan rəqiblərə də uduzmuşuq. Hər kəslə ciddi mübarizə aparmaq vacibdir. İlk oyunda əsas məqsədimiz futbolçuların yanaşması idi və bundan razı qaldıq.
Qələbənin önəmi:
– Millidə qələbə qazanmaq hər məşqçi üçün böyük sevincdir. Ardıcıl ikinci qələbə həm futbolçular, həm də məşqçi heyəti üçün ciddi motivasiya yaradar. İlin sonuna qədər yaxşı nəticələr əldə etmək istəyirik. Yoldaşlıq görüşləri və qrupdakı rəqiblər buna imkan verir. Bu, bizim üçün ən uğurlu illərdən biri ola bilər.