Azərbaycanlı güləşçi ardıcıl 2-ci dəfə dünya çempionu oldu

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatı davam edir.
90plus.az xəbər verir ki, bu gün yunan-Roma güləş komandamız 1 qızıl və 1 bürünc medal qazanıb.
Ülvü Qənizadə (72 kq) finalda keçən il həlledici görüşdə məğlub etdiyi İbrahim Qanemlə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində baş tutan görüşdə 4:2 hesabı ilə qalib gələn həmyerlimiz titulunu qoruyaraq ikinci dəfə dünya çempionu adına layiq görülüb.
Murad Əhmədiyev (97 kq) bürünc medal uğrunda matçda Macarıstan təmsilçisi Aleks Soke ilə qarşılaşıb. Güləşçimizin ilk hissədə göstərdiyi 4 xallıq fənd qarşılaşmanın taleyini müəyyən edib. Yekunda hesab 5:5 olsa da, xalların keyfiyyəti baxımından üstünlük Əhmədiyevin tərəfində olub. Beləliklə, Murad dünya çempionatında debütünü bürünc medalla tamamlayıb.
Bu nəticələrlə yunan-Roma güləşçilərimizin mundialdakı ümumi medal sayı 3-ə çatıb. Qeyd edək ki, ötən gün Eldəniz Əzizli (55 kq) dünya üçüncüsü olmuşdu.
© Copyright 2025, All Rights Reserved