“Barsa”nın əsas hədəfi odur
“Barselona” yay transfer planlarını müəyyənləşdirib.
90plus.az xəbər verir ki, “Barselona” rəhbərliyi baş məşqçi Hansi Flikin istəyi ilə yay transfer pəncərəsində heyətdə bir neçə vacib mövqeyi gücləndirməyi planlaşdırır.
Klub üçün əsas prioritetlər mərkəz müdafiəçisi və hücumçu transferidir. Bundan əlavə, yeni qapıçı transferi ehtimalı da nəzərdən keçirilir.
Məlumata görə, Joan Qarsiya “Espanyol”dan transfer olunduqdan sonra özünü çox yaxşı tərəfdən göstərib və əsas qapıçı kimi klubun etimadını qazanıb. Lakin ehtiyat qapıçı məsələsi açıq qalır. Voytsex Şesnının növbəti 18 ay ərzində karyerasını başa vuracağı gözlənilir.
Eyni zamanda, Mark-Andre ter Ştegenin “Kamp Nou”da gələcəyinin olmadığı bildirilir və klub yeni qapıçı variantlarını dəyərləndirir.
“Barselona”nın əsas namizədi “Real Sosyedad”ın və İspaniya yığmasının qapıçısı Aleks Remirodur. Klubun idman direktoru Deko artıq futbolçunun nümayəndələri ilə danışıqlar aparıb.
Remironun müqaviləsindəki sərbəstqalma məbləği bu yay müqavilə yenilənməzsə 50 milyon avrodan 15 milyon avroya düşəcək. Qapıçı Joan Qarsiyanın ehtiyatı kimi “Barselona”ya keçməyə müsbət yanaşır və bunu karyerası üçün böyük fürsət hesab edir. Bu transfer İniqo Martinesin transferinə bənzər ssenari ilə baş tuta bilər.
“Barselona” Remiro transferini 2026-cı ildə reallaşdırmağı və ya 2027-ci ildə onun azad agent olmasını gözləməyi də variant kimi nəzərdən keçirir. Klub yay transfer pəncərəsində bu məsələ ilə bağlı yekun qərar verəcək.
© Copyright 2026, All Rights Reserved