“Barselona” Bernardo Silvanı istəyir, ammalar var
“Barselona” Bernardo Silvanı transfer etmək istəyir – klub daxilində şübhələr var.
90plus.az xəbər verir ki, “Barselona” yay transfer pəncərəsində yenidən azad agent bazarına yönəlməyi planlaşdırır. Kataloniya klubunun əsas hədəflərindən biri Bernardo Silva hesab olunur.
32 yaşlı portuqaliyalı yarımmüdafiəçi müqaviləsi iyun ayında bitdikdən sonra “Mançester Siti”dən ayrılacaq və futbolçunun “Barselona”ya keçmək istədiyini açıq şəkildə bildirdiyi qeyd olunur.
Məlumata görə, məşhur menecer Jorje Mendes artıq transfer üzərində işləməyə başlayıb. O, klub prezidenti Joan Laporta ilə yaxşı münasibətlərindən istifadə edərək baş məşqçi Hansi Flik və idman direktoru Deko nu bu transferə razı salmağa çalışır.
Klub daxilində Bernardo Silvanın universal oyunçu olması, texniki keyfiyyəti və təcrübəsi “Barselona”nın yenidən Avropada dominant komandalardan birinə çevrilməsi planında vacib amil kimi qiymətləndirilir.
Lakin transferlə bağlı ciddi şübhələr də var. Klub rəhbərliyi futbolçunun yaşı, yüksək maaş tələbi və oynadığı mövqelərdə artıq kifayət qədər oyunçunun olması səbəbindən tərəddüd edir. Həmin mövqelərdə Lamin Yamal, Dani Olmo, Fermin Lopes, Pedri və Frenki de Yonq kimi futbolçular çıxış edir.
Bundan əlavə, klub üçün yeni mərkəz müdafiəçisi və hücumçu transferi hələ də əsas prioritet olaraq qalır. Eyni zamanda icarədə olan Joao Kanselo və Markus Reşford ilə bağlı da yekun qərar verilməyib.
Beləliklə, Bernardo Silvanın “Barselona”ya transferi mümkün variant olaraq qalsa da, bu keçidin reallaşıb-reallaşmayacağı klubun maliyyə vəziyyəti və transfer prioritetlərindən asılı olacaq.
© Copyright 2026, All Rights Reserved