“Barselona” Ç/L matçına xüsusi şriftli geyimlə çıxacaq
“Barselona”nın futbolçuları “Spotify Kamp Nou” stadionunda “Nyukasl Yunayted”ə qarşı keçiriləcək Çempionlar Liqası matçında formalarında xüsusi inklüziv şriftlə çıxış edəcəklər.
90plus.az xəbər verir ki, bu təşəbbüs klubun fondu tərəfindən martın 21-də qeyd olunan Beynəlxalq Daun Sindromu Gününə həsr olunub.
Forma nömrələrində Daun sindromlu gənc qadın Anna Vives tərəfindən hazırlanmış unikal şrift istifadə olunacaq.
Layihə “Barselona” Fondu tərəfindən UEFA-nın Uşaqlar Fondu və “Itinerarium” Fondunun dəstəyi ilə koordinasiya olunur.
Bu, sözügedən şriftin Çempionlar Liqası matçında ilk istifadəsi olacaq. “Barselona” daha əvvəl bu şriftdən 2013-cü ildə keçirilən Joan Qamper Kuboku zamanı istifadə etmişdi.
“Anna” adlı şrift sosial inklüzivliyi təşviq etmək və intellektual məhdudiyyətlərlə bağlı maarifləndirməni artırmaq məqsədilə yaradılıb. Şrift artıq 80-dən çox ölkədə 15 milyondan çox yüklənib.
© Copyright 2026, All Rights Reserved