“Bayer Leverkuzen” Pokunu aldı

“Bayer Leverkuzen” Ernest Pokunu transfer edib.
90plus.az xəbər verir ki, Niderlandın U-21 yığmasının üzvü Ernest Poku “AZ Alkmaar”dan “Bayer Leverkuzen”ə keçib. 21 yaşlı vinger Almaniya klubuyla 2030-cu ilə qədər müqavilə imzalayıb. Transfer məbləğinin təxminən 10 milyon avro olduğu bildirilir.
Poku bazar ertəsi Leverkuzendə tibbi müayinədən keçib və beşillik müqaviləyə qol çəkib. O, artıq bu mövsüm “AZ”ın heyətində çıxış edərək Erediviziyanın açılış turunda “Qroningen”ə qarşı 4:1 hesablı qələbədə oynayıb.
“AZ” forması ilə 49 oyuna çıxan Poku ümumilikdə 11 qol və asistlə yadda qalıb. O, həmçinin Niderland U-21 millisinin bu yay keçirilən Avropa çempionatında yarımfinala yüksəlməsində mühüm rol oynayıb.
Keçən mövsüm “AZ”ın Avropa Liqasının pley-off mərhələsinə çıxmasına da töhfə verən gənc futbolçu 3 qol ötürməsi ilə fərqlənmişdi. Komanda 1/8 finalda turnirin qalibi olan “Tottenhem”ə məğlub olmuşdu.
İnstaqram hesabında azarkeşlərə təşəkkür edən Poku yazıb: “Demək olar dörd mövsümdən sonra ayrılmağın vaxtı gəldi. Təşəkkürlər AZ, təşəkkürlər hər birinizə. Azarkeşlərə isə xüsusi minnətdaram, çünki çətin vaxtlarda da, yaxşı günlərdə də yanımızda oldunuz.”
Direktor Simon Rolfes: “Poku sürəti və driblinq gücü ilə hücumumuzda xüsusi rəng qatacaq mükəmməl oyunçudur”.
Qeyd: Poku avqustun 15-də keçiriləcək Almaniya Kubokunun 1-ci raundunda “Qrossaspax”a qarşı “Bayer”də debüt edə bilər.
© Copyright 2025, All Rights Reserved