"Bayer Leverkuzen"də ayrılıqlar - 2 əsas fiqurdan vida

90plus.az xəbər verir ki, Almaniyanın keçən ilki çempionu "Bayer Leverkuzen" bu yay ciddi itkilərlə üzləşə bilər. Mövsümü Bundesliqada ikinci pillədə başa vuran və ötən mövsümün çempionu olan klubda artıq "yarpaq tökümü" başlayıb.
Komandanın baş məşqçisi Xabi Alonsonun adının "Real Madrid" ilə hallanması futbol ictimaiyyətində böyük maraq doğurub. İspaniya mətbuatına görə, "Real Madrid" mövsümün sonunda Karlo Ançelotti ilə yollarını ayırdıqdan sonra Alonso ilə müqavilə imzalamağa çalışacaq.
Alonsonun mümkün ayrılığı yalnız texniki heyəti deyil, komandanın ulduz futbolçularını da təsirləndirib. Almaniyanın nüfuzlu “Bild” nəşrinin yaydığı xəbərə əsasən, "Bayer Leverkuzen"in 22 yaşlı ulduzu Floriyan Virtz Alonso komandadan ayrılarsa, "Bayern Münhen" klubuna transfer olmaq istəyini bildirib.
Virtz bu qərarını artıq Alonsoya çatdırıb və "Bayern Münhen" bu transfer üçün ciddi büdcə ayırmağa hazırdır.
Bu mövsüm 43 rəsmi oyunda meydana çıxan Floriyan Virtz 16 qol və 13 məhsuldar ötürmə ilə komandasına əhəmiyyətli töhfə verib. Onun bu performansı Bundesliqanın ən çox diqqət çəkən gənc oyunçularından biri olmasına səbəb olub.
"Leverkuzen" azarkeşlərini çətin yay transfer dövrü gözləyir: həm baş məşqçi, həm də əsas oyunçuların ayrılması komandanın gələcəyi üçün yeni sınaqlar yarada bilər.
© Copyright 2025, All Rights Reserved