"Bayer"in idman direktoru Ten Haqın gəlişi haqqında: "Bu, mənim səhvim idi"

Bundesliqa təmsilçisi "Bayer" baş məşqçi Erik ten Haqla yollarını cəmi iki turdan sonra ayırsa da, klubun idman direktoru Simon Rolfes bu qərarın arxasında duran səbəbləri ictimaiyyətlə bölüşüb.
90plus.az xəbər verir ki, Simon Rolfes verdiyi açıqlamada bildirib:
“Sadəcə olaraq hiss etdik ki, hər şey səhv gedir. Bu qərarı milli oyunlar üçün verilən fasilə zamanı verdik ki, daha da pis vəziyyətə düşməyək.
Qərarımızı həm hazırlıq dövrünə, həm də ilk oyunlara əsaslanaraq verdik. Bunun doğru an olduğunu düşündük.
Təbii ki, hər detalları açıqlaya bilmərəm. Əsas məsələ komandada bir çox məsələ ilə bağlı aydınlıq və istiqamət hiss olunmaması idi. Bu isə kritik nöqtədir.
Sadəlöhv deyilik, dəyişikliklərdən sonra hər şeyin mükəmməl olacağını gözləmirdik. Amma yaxşı oyunçulardan yaxşı komanda formalaşdırmaq üçün aydın və dəqiq bir plan lazımdır.”
Ten Haqın təyinatının şəxsi səhvi olub-olmadığı sualına isə Rolfes açıq şəkildə cavab verib:
“Bəli, əlbəttə. Bu, mənim səhvim idi. Amma daha böyük səhv o olardı ki, bunun işləmədiyini görsək də, davam etdirək.
Bəzən belə qərarlar çətindir, amma ən ədalətlisi prosesi erkən mərhələdə dayandırmaqdır.”
© Copyright 2025, All Rights Reserved