"Bayern" Dortmunddan 3 xalla dönür - 5 qol oldu
Almaniya Bundesliqasında 24-cü turun mərkəzi oyunu “Borussiya Dortmund” – “Bayern Münhen” derbisi olub.
90plus.az xəbər verir ki, beş qolun vurulduğu dramatik qarşılaşmada qonaqlar geridönüş edərək 3:2 hesablı qələbə qazanıblar.
Gərgin keçən matçın ilk hissəsi uzun müddət qolsuz davam edib. 26-cı dəqiqədə Niko Şlotterbek fərqlənərək “Borussiya Dortmund”u hesabda önə keçirib. Fasiləyə meydan sahiblərinin minimal üstünlüyü ilə yollanılıb.
İkinci hissədə isə oyun tamamilə dəyişib. 54-cü dəqiqədə Harri Keyn hesabı bərabərləşdirib. İngilis hücumçu 70-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək həm özünün, həm də komandasının ikinci qolunu vurub.
83-cü dəqiqədə Daniel Svensson “Borussiya Dortmund”un bərabərlik qoluna imza atıb. Lakin bu sevinc uzun sürməyib. Cəmi dörd dəqiqə sonra Coşua Kimmix fərqlənərək “Bayern Münhen”ə qələbə qazandırıb.
Bu nəticədən sonra “Bayern Münhen” xallarının sayını 63-ə çatdıraraq ikinci pillədə qərarlaşan “Borussiya Dortmund”la xal fərqini 11-ə yüksəldib. Dortmund təmsilçisi isə 52 xalla mövsümü davam etdirir.
Bundesliqada çempionluq mübarizəsində “Bayern Münhen” üstünlüyünü daha da möhkəmləndirib.
© Copyright 2026, All Rights Reserved