“Bayern Münhen”də Leon Qoretska dövrü başa çatır – Yeni ünvan müəyyənləşdi
Almaniya nəhəngi “Bayern Münhen”də 8 illik Leon Qoretska dönəmi rəsmən sona çatır. 31 yaşlı yarımmüdafiəçi mövsümün sonunda komanda ilə vidalaşmağa hazırlaşır.
90plus.az xəbər verir ki, yanvar ayında “Atletiko Madrid”ə transferi son anda baş tutmayan Qoretska yay transfer pəncərəsində “Bayern Münhen”dən ayrılacaq. Futbolçu ilə bağlı bir sıra Avropa klubları maraq göstərirdi.
İspaniyanın “Fichajes” nəşrinin yaydığı məlumata görə, Leon Qoretska ilə “Bayer Leverkuzen”, “Atletiko Madrid” və “Milan” yaxından maraqlanırdı. Eyni zamanda Türkiyə təmsilçisi “Qalatasaray” da təcrübəli futbolçunu transfer siyahısına daxil etmişdi.
Lakin xəbərdə qeyd olunur ki, “Bayer Leverkuzen” Leon Qoretska ilə böyük ölçüdə razılıq əldə edib. Almaniyada qalmaq istəyi futbolçunun Leverkuzen klubunun layihəsinə müsbət yanaşmasına səbəb olub.
Digər tərəfdən bildirilir ki, “Milan” və “Qalatasaray”ın Qoretskanı razı salmaq üçün daha iddialı və cəlbedici təkliflə çıxış etməsi lazım idi.
Leon Qoretska cari mövsümdə ümumilikdə 30 oyunda meydana çıxıb və 1455 dəqiqə forma geyinib. Alman yarımmüdafiəçi bu matçlarda 2 qol vuraraq komandasına töhfə verib.
Beləliklə, uzun illər “Bayern Münhen”in əsas heyət üzvlərindən olan Qoretska karyerasında yeni səhifə açmağa hazırlaşır. Rəsmi açıqlamanın yaxın günlərdə verilməsi gözlənilir.
© Copyright 2026, All Rights Reserved