"Bayern Münhen"dən Keynlə bağlı açıqlama: "O getmir"
Alman nəhəngi "Bayern Münhen" son həftələr Avropa mətbuatında geniş müzakirə olunan Harri Keynin gələcəyi ilə bağlı iddialara aydınlıq gətirib. Klubun fəxri prezidenti Uli Höness məsələ ilə bağlı qəti mövqe ortaya qoyub.
90plus.az xəbər verir ki, Höness bildirib ki, futbolçunun müqaviləsində yer alan və 2026-cı ilin yayına qədər qüvvədə olduğu deyilən 60-70 milyon avroluq sərbəstqalma maddəsinin müddəti artıq başa çatıb. Bununla da "Bayern Münhen"in hər hansı transfer təzyiqi altında olmadığı vurğulanıb.
Bu açıqlamadan sonra Harri Keynin gələcəyi tam şəkildə klubun nəzarətində qalıb. İngilis hücumçunun mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Alman mətbuatında yayılan məlumatlara görə, Münhen təmsilçisi 32 yaşlı forvarda daha uzunmüddətli – 2028, hətta 2029-cu ilə qədər uzadılacaq yeni və təkmilləşdirilmiş müqavilə təklif etməyi planlaşdırır.
Harri Keyn cari mövsümdə "Bayern Münhen" forması ilə bütün turnirlər daxil olmaqla 35 oyunda iştirak edib, 41 qol və 5 məhsuldar ötürmə ilə möhtəşəm performans sərgiləyib.
Beləliklə, ulduz hücumçunun yaxın illərdə "Bayern Münhen"dən ayrılacağı ilə bağlı iddialar hələlik təsdiqini tapmır.
© Copyright 2026, All Rights Reserved